Qar fırtınası və duman olacaq: Gürcüstanın bütün ərazilərində hava şəraiti kəskin dəyişəcək


Gürcüstanın bütün ərazilərində hava şəraiti kəskin dəyişəcək, güclü yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq, çovğun olacaq.

Qara dəniz sahillərində güclü külək və 3-4 bal gücündə qasırğa gözlənilir. Əhaliyə qayıqlardan istifadə etmək və təhlükəli ərazilərdə dənizə yaxınlaşmaq qadağan edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit Milli Agentliyi məlumat yayıb.

Xəbərdarlıqda deyilir ki, dekabrın 27-də axşamdan başlayaraq ölkə ərazisində yağış yağacaq, Şərqi Gürcüstanda yağışlar leysan xarakterli olacaq.

Dekabrın 28-29-da dağlarda güclü qar yağacaq, qar fırtınası və duman olacaq.

Hidrometeoroloqlar güclü yağışların torpaq sürüşməsinə səbəb ola biləcəyi barədə də xəbərdarlıq ediblər.