Rusiya MAQATE-dən Ukraynanın hücumuna cavab gözləyir

Rusiya yanvarın 5-də Kiyev rejiminin Zaporojye Atom Elektrik Stansiyasına hücumuna Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) rəhbərliyindən obyektiv qiymətləndirmələr və aydın cavab gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Kiyev rejimi nə 2024-cü ilin dekabrında, Ukraynanın bayrağı altında Zaporojjya Atom Elektrik Stansiyasına gedən MAQATE mütəxəssisləri mərmi hücumuna məruz qalanda, nə də indi stansiyaya hücum edəndə riskləri nəzərə alır" - Zaxarova bildirib.

O qeyd edib ki, agentliyin Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına, eləcə də Rusiyanın digər atom elektrik stansiyalarına hücumlarına reaksiya verməsinin vaxtı çatıb.

“Rusiya tərəfi beynəlxalq ictimaiyyəti Kiyev rejiminin Rusiyanın nüvə enerjisi infrastruktur obyektlərinə davam edən hücumlarına dərhal və ən ciddi cavab verməyə çağırır”, - Zaxarova vurğulayıb.