Navalnı Medvedyevi belə ifşa etdi - Foto

Rusiyanın müxaifət liderlərindən Aleksey Navalnı keçmiş baş nazir Dmitri Medvedyevdən əl çəkmir.

Musavat.com xəbər verir ki, rusiyalı bloger-siyasətçi özünün Yutub hesabında Dmitri Medvedyev haqqında daha bir ifşaedici material yayıb.

A.Navalnı Volqa çayının ağzındakı bir adanın keçmiş baş nazirə məxsus olduğunu iddia edib.

Onun sözlərinə görə, bütöv bir malikanə və balıqçılıq kompleksinin yerləşdiyi bu obyekt D.Medevedyevə özbək əsilii milyarder Əlişir Usmanov tərəfindən rüşvət olaraq bağışlanıb.

Aleksey Navalnı bu iddialarını kanalında göstərdiyi videoçarxda açıqlayıb. Qeyd olunur ki, əsas araşdırma “Proyekt” Jurnalistlər Birliyi tərəfindən aparılıb. A.Navalnı isə onların əldə etdiyi informasiya və görüntülərə, həmçinin özünün “Korrupsiya ilə mübarizə fondu”nun materiallarına istinad edib.

Həmin görüntülərdə Həştərxan vilayətində, Volqa çayındakı 27 hektarlıq adada Rusiya Təhlükəsizlik Şurasının sədr mavini Dmitri Medvedyevin özü üçün əsl istirahət zonası tikdiyi qeyd olunur.

Burada 1688 kvadrat metrlik əsas evdən başqa hovuzlu spa-kompleks, 8 qonaq evi, restoran, rus hamamı və 5D kinoteatrı yer alıb.

“Proyekt” jurnalistləri həmin bağ evinin tikintisi ilə məşğul olan Konstantin Petrusenko adlı şəxsi danışdırmağa müvəffəq olublar.

K.Petrusenko mətbuat nümayəndələrinə bazanın ümumi quruluşunu və onun fotolarını da göstərib. Yerli sakinlər isə Dmitri Medvedyevin ildə bir neçə dəfə helikopterlə adaya gəldiyini söyləyiblər.

Ada-malikanənin Usmanov tərəfindən rüşvət olaraq keçmiş baş nazirə bağışlanması iddiasına gəlincə isə Aleksey Navalnı bunu sənədlərlə sübuta yetirə biləcəyini deyib.

Məlum olub ki, Medvedyevin rezidensiyasının tikildiyi həmin torpaq sahəsi əslində “Lotos Proyekt” adlı bir şirkətə məxsusdur. Bu şirkət isə Kiprdə yerləşən “RUETKA ASSETS LIMITED” ofşoruna, həmin ofşor isə “SALSBERG HOLDINGS LIMITED” ismində digər ofşora aiddir. Sonuncu ofşor isə Böyük Britanyanın Men adasında yerləşən “WHITE PEAK (IOM) INVESTMENTS” firmasının mülkiyyəti sayılır. Həmin firma yenə də eyni adadakı “WHITE PEAK (IOM)” trast şirkətinə bağlıdır.

Olduqca qarışıq görünməsinə rəğmən əslində 3 şirkətin və ofşorun hamısı Men adasında qeydiyyatda olan, “Bridgewaters” adlı bir şirkət tərəfindən idarə olunur. “Bridgewaters” şəxsən Əlişir Usmanovun özünün firmasıdır.

Beləliklə, adi bir topraq sahəsi bu cür mürəkkəb və başgicəlləndirici hüquqi sxemlə bir oliqarxın mülkiyyətindədir ki, o da həmin torpağı özünün hamisi saydığı Dmitri Medvedevə bağışlayıb.

Hər bir halda növbəti araşdırma Dmitri Medvedyev üçün ciddi zərbə sayıla bilər.

Xatırladaq ki, 2 il bundan öncə Aleksey Navalnının keçmiş baş nazir haqqında Yutub kanalındakı hesabında hazırladığı “O sizin üçün Dimon deyil” adlı araşdırma süjeti böyük hay-küy doğurmuşdu.

Siyasi ekspertlər Dmitri Medvedyevin baş nazir postundan getməsində həmin faktorun ciddi rol oynadığını qeyd edirlər.