"ÀBŞ dövlət katibi Mayk Pompeonun Çinə etdiyi çağırış doğrudur. Lakin Çinin buna əməl edəcəyi şübhə altındadır. Bu kimi qidalanma tək Çində yox, ətraf ölkələrdə də mövcuddur"
ABŞ Dövlət katibi Mayk Pompeo qanunsuz ticarət dövriyyəsinin qarşısını almaq və təhlükəli xəstəliklərin yaranması riskini azaltmaq məqsədilə Çini və digər ölkələri vəhşi heyvanların satıldığı bazarları birdəfəlik bağlamağa çağırıb.
Amerika rəsmisi bu barədə Beynəlxalq Yer Gününə həsr edilən çıxışında söyləyib. Pompeo qeyd edib ki, məhz vəhşi heyvanların satıldığı bazarlar COVID-19-un yayılmasına səbəb olub: “Vəhşi heyvanların satıldığı bazarları birdəfəlik bağlayın”.
Əslində koronavirrus yayılandan sonra bu məsələ dəfələrlə gündəmə gəlib. Çinin heyvan bazarlarını əks etdirən iyrənc görüntülər də yayılıb. Sadəcə Mayk Pompeo deyil, bir çox ölkə rəsmisi və milyonlarla heyvansever Çindəki bazara qarşı çıxaraq, bağlanmasını tələb ediblər. Çünki Çin bazarlarında heyvanlar qeyri-insani rəftar görür, işgəncə verilir və vəhşicəsinə öldürülür.
Məsələni “Sherg.az”a dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Çin əhali sayı baxımından dünyanın ən böyük ölkəsidir.
Ekspert vurğulayıb ki, Çində insanların qida məhsulları ilə təchizatı beynəlxalq problemdir:
“İlk baxışda hər ölkənin qida təchizatı həmin ölkənin daxili problemi olsa da, son virus pandemiyasından sonra yaranan vəziyyət göstərdi ki, bu elə də sadə məsələ deyil. Son onilliklərdə Asiya qitəsində SARS, MERS, quş və donuz qripi, koronavirus eləcə də Afrika qitəsində meydana gələn Ebola epidemiyalarının əsas səbəbi qida kimi yararsız məhsulların, heyvanların yeyilməsi olub. Bu da dünyada qlobal problemlər yaradıb. Çində qida kimi müxtəlif vəhşi heyvan, gəmiricilərin və həşəratların yeyilməsi ölkə mentalitetinə hopmuş məsələdir. Əslində bunu hansısa xalqın səviyyəsi, yaxud inkişafdan geri qalması kimi fikirlərlə əlaqələndirmək olmaz. Bu, qida mədəniyyətidir və hər bir xalqın özünə məxsus xüsusiyyətləri var. Fransız xalqı da ilbiz, qurbağa yeyir, amma bunu məcburiyyətdən etmirlər. Çin xalqı keçən yüz ildə çətin dövrlər keçirib, aclıqla, xəstəliklərlə, müharibələrlə üzləşib, bu baxımdan əhali yeyilməsi normal olmayan qidanı yeməyə alışıb”.
Siyasi şərhçinin sözlərinə görə, müasir dövrdə təbii ki, bu kimi qidalanma normal və doğru hesab edilmir:
“Heyvanlarla qeyri-insanı rəftar qəbul edilmir. Bu müasir dövr üçün insanlıq tarixinin ilk dövrlərini xatırladır və vəhşilik hesab edilir. ÀBŞ dövlət katibi Mayk Pompeonun Çinə etdiyi çağırış doğrudur. Lakin Çinin buna əməl edəcəyi şübhə altındadır. Bu kimi qidalanma tək Çində yox, ətraf ölkələrdə də mövcuddur. Məsələn, İndoneziyada, Filippində və bir çox xırda ada dövlətlərində belə hal var. Təbii ki, Çin görüntü yaratmaq üçün bu barədə tədbir görə bilər, amma bunun bir nəticəsinin olacağı şübhəlidir. Koronavirusa görə ABŞ-ıın Çini ittiham etməsinə Pekinin reaksiyası bu iddianı qeyri-ciddi adlandırmaq olub. Lakin hesab edirəm ki, bu iddia Çinin başını çox ağrıdacaq. Hətta dəymiş ziyana görə təzminat ödənməsinə kimi gedib çıxacaq. Ümid edirəm, dünya bundan sonra nəinki heyvan haqlarının, eləcə də insan hüquqlarının pozulmayacağı, qorunacağı bir yer olacaq. Suriyada, Yəməndə, Afrika ölkələrində və digər ölkələrdə insanların, xüsusən də uşaqların öldürülməsinə biganə qalmayacaq”.