Gürcüstanda koronavirus pandemiyası səbəbindən yeni tədris ilinin başlanılması təxirə salına bilər.
Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Nazir deyib ki, Gürcüstan sentyabrda da digər ölkələr kimi COVID-19-la birgə yaşamalı olacaq.
“Biz uşaqları bu proseslərə hazırlamalıyıq ki, onlar təhsili fasiləsiz davam etdirə bilsinlər”, - deyə Y.Tikaradze vurğulayıb.
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze isə bildirib ki, ölkədə epidemiyanın ikinci və üçüncü dalğası mümkündür, bu səbəbdən insanlar virusla birgə yaşamağı öyrənməlidir. Biz koronavirusla birgə yaşamağı öyrənməliyik, bu, uzun müddət davam edə bilər. Pandemiyanın ikinci və üçüncü dalğası da mümkündür, bu səbəbdən bəzi məhdudiyyətlərin təkrarlanmaq ehtimalı var. Tədris prosesinin onlayn davam etdirilməsi də bura daxildir. (azərtac)
Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən Gürcüstanda məktəb və universitetlər martın 2-dən tətilə buraxılıb. Gürcüstan Baş Nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası aprelin 24-də tədris müəssisələrinin açılmasının sentyabradək təxirə salınması haqqında qərar qəbul edib.
Hazırda ölkənin bir sıra universitetlərində dərslər onlayn keçilir.
Qeyd edək ki, qonşu ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır.