Peyvənd məsələsi ətrafında müəyyən siyasi oyunlar gedir
ABŞ koronavirus pandemiyası ilə əlaqədar Çini növbəti dəfə ittiham edib. Respublikaçı senator Rik Skot deyib ki, Çin Qərbin peyvənd hazırlamasına mane olur:
“Çin çalışır ki, Qərb ölkələrinə koronavirusa qarşı peyvəndin hazırlanması üçün maneələr yaratsın. Biz mütləq bu peyvəndi hazırlamalıyıq. Təəssüf ki, bizim Çinin Kommunist Partiyasının sabotaja cəhd etməsinə dair sübutlarımız var. Çin istəmir ki, biz bunu ilk hazırlayan ölkə olaq. Onlar amerikalıların düşməni olmağı qərara alıblar”. Bəzi ekspertlərin fikrincə, bu ittiham klassik ABŞ-Çin iqtisadi qarşıdurmasından da qaynaqlana bilər. Lakin virusun peyvənd məsələsi ətrafında müəyyən siyasi oyunların getdiyini düşünənlər də az deyil.
Skotun sözlərini “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev bildirib ki, “Covid-19” virusu artıq koronakrizis mərhələsinə keçid edib. Politoloqun qənaətincə, virusun yaranma və yayılma səbəbləri qismən açıqlansa da, hələ hüquqi qiymətini almayıb:
“İlk olaraq Çinin ABŞ tərəfindən hədəf alınması bu ünsürlə bağlıdır. Hələlik əsas ittiham Çinin virus barədə dünya ölkələrini zamanında xəbərdar etməməsidir. Həm də əhalisi 2 milyarda çatmış bir ölkədə virusun belə tezliklə bitməsi müəyyən şübhələr doğurur. Ya Çin yenə də dünyanı aldatmaqla məşğuldur, ya da onun əlində vaksin var. Belə olan halda Çin səbəbkar ölkə olmaqla yanaşı, vaksini gizlətməkdə ittiham oluna bilər. Bunlar hələ ki, ehtimallardır. Digər hədəf isə Rusiyadır. Hadisələrin gedişatından belə görünür ki, hakimiyyətə arxa qapıdan təpinən və demokratik dəyərlərə hörmət etməyən diktatorlar hədəfdədir”.
V.Əfəndiyev vurğulayıb ki, hətta Donald Trarmpın özünun növbəti dəfə prezident seçilmək şansı çox azdır:
“Tramp ölkəsindəki iğtişaşların Rusiya tərəfindən qızışdırıldığını iddia etməklə xalqın ona qarşı etiraz çıxışlarını neytrallaşdırmaq istəyir. Prezident seçkilərindəki rəqibi Co Bayden isə bu vəziyyətdən çox uğurla istifadə edir. İğtişaşları yatırtmaq üçün Trampın ordu və polis qüvvələrindən istifadə edə bilməsi güc strukturlarına nəzarəti itirməsi anlamına gəlir. Ölkələrin yaranmış vəziyyətdən siyasi maraqları üçün istifadə etməyə cəhd etməsi normal haldır. Bu şəraitdə neftin qiymətinin ucuzlaşması Rusiyanı çətin duruma salacaq. ABŞ-ın Çinin iqtisadi yüksəlişinin qarşısını almaq üçün fürsəti əldən verməyəcəyi isə şübhəsizdir”.