Tramp administrasiyası peyvənd pulunu ödəmək imkanı olmayan bütün amerikalıları COVİD-19 virusuna qarşı vaksinlə pulsuz təmin edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, hökumət nümayəndəsinin sözlərinə görə, sığorta şirkətlərinin amerikalıların əksəriyyəti üçün vaksinin pulunu ödəyəcəyi ehtimal edilir. Vaksinin ilin sonunda hazır olacağı gözlənilir. Federal vəsaitlər hesabına əldə olunan peyvənd yalnız amerikalıların ehtiyacları ödənildikdən sonra başqa ölkələrə göndəriləcək.
Qeyd edək ki, ABŞ rəhbərliyi “İşıqdan sürətli” əməliyyat çərçivəsində 2021-ci ilin yanvarınadək 300 milyon doza vaksin hazırlamaq niyyətindədir.
Hökumət vaksinlərin sınaqdan keçirilməsini, istehsalını və paylanmasını dəstəkləmək məqsədilə 3 milyard dollar məbləğində müqavilələr bağlayacağını bəyan edib. Konqres vaksinin işlənib hazırlanmasına, COVID-19-un müalicə üsullarının dərindən öyrənilməsinə və diaqnostikasına 10 milyard dollara yaxın pul vəsaiti ayırıb. Hazırlanmış 100-dən çox vaksindən 14-ü sonrakı sınaq mərhələsi üçün seçilib. Artıq 14 vaksindən 3-ü hökumət tərəfindən potensial namizəd kimi qeydə alınıb.
Tibbi ekspertlərin fikrincə, ən effektiv tədqiqatları üçmərhələli klinik sınaq prosesinin ilk sınağına hələ mart ayında başlamış “Moderna” şirkəti keçirir. “Johnson&Johnson” şirkəti sınaqlara uyun ayında, Oksford universitetinin işləyib hazırladığı vaksini klinik sınaqdan keçirməyi planlaşdıran “AstraZeneca” şirkəti isə son genişmiqyaslı sınaq mərhələsinə yayda başlayacağını elan edib.