Türkiyədə imtahan günlərində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı aparılan gündəlik yoxlama testləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, iyunun 18-da ölkə üzrə ümumilikdə 48 min 412 nəfər yoxlamadan keçirilib. Onlardan 1304 nəfərdə virus aşkarlanıb. Gün ərzində 1382 nəfər sağalıb, 21 nəfər dünyasını dəyişib.

Bu vaxtadək 2 milyon 822 min 316 nəfər koronavirus testindən keçirilib. Onlardan 184 min 31 nəfərdə virus aşkar olunub. Hazırda 755 nəfər reanimasiyada, 311 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. Hər iki halda artım var. İndiyədək bu virusdan 4882 xəstə dünyasını dəyişib, 156 min 22 xəstə isə sağalıb.

Qeyd edək ki, Türkiyədə ali məktəblərə və liseylərə keçiriləcək qəbul imtahanları günlərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riskinin artmasının qarşısını almaq məqsədilə iyunun 20, 27 və 28-də sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq. Karantin rejiminə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirəcək. Qərara əsasən, iyunun 20-də Türkiyə vaxtı ilə saat 9:00-dan 15:00-dək, iyunun 27-də 09:30-dan 15:00-dək, ertəsi gün isə saat 09:30-dan 18:30-dək evdən çıxmağa məhdudiyyətlər tətbiq olunacaq. Rejim bütün ölkəni əhatə edəcək. Əvvəlcədən aldıqları biletləri qeyd olunan saatlara düşən şərnişinlərə xidmətlər göstəriləcəkdir.