Gürcüstanda kafe və restoranlara gedən müştərilərin sayı 70 faizədək azalıb



Koronavirus pandemiyası səbəbindən Gürcüstanda restoran və kafelərə gələn müştərilərin sayı 70 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Qostronomik Turizm Biznes-Assosiasiyasının rəhbəri Keti Kviçidze “Formula” televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanda restoran və kafelərin 50 faizə qədəri hələ də bağlıdır.

Ən acınacaqlı vəziyyət xarici turistlər üçün açılmış kafe və restoranlarda, şərab evlərində yaşanır.

Məlum olduğu kimi, pandemiya səbəbindən Gürcüstanda martın 21-dən mayın 23-dək fövqəladə vəziyyət rejimi idi. Fövqəladə vəziyyət rejimi ləğv olunsa da, iyulun 15-dək ölkədə 10 nəfərdən çox insanın iştirakı ilə hər hansı bir məclisin təşkili də qanunla qadağan edilib.

İyunun 1-dən fəaliyyətinə icazə verilən obyektlər üçün də sərt karantin qaydaları müəyyən olunub.

Müəyyən olunmuş qaydaları pozan restoran, kafe və digər əyləncə mərkəzləri üçün cərimələr də nəzərdə tutulub.

Qayda və qanunları pozan ictimai-iaşə obyektlərinin sahibləri 500 laridən 10 min lariyə qədər cərimə olunurlar.

“İyunun 15-dək Səhiyyə Nazirliyi tərəfindən 26 restoranda aparılmış yoxlamalar nəticəsində 16 restoran sahibi 10 min lari (3,3 min ABŞ dolları) məbləğində cərimə olunublar”, - deyə Keti Kviçidze vurğulayıb.