Ukrayna NATO ilə özünə müdafiə çəpəri çəkir 

Alyansa üzv dövlətlərin Kiyevə hərbi dəstəyi gözləniləndir 

Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bu barədə NATO-nun Baş katibi "Twitter"də bildirib. Telefon danışığı zamanı NATO Baş katibi Ukraynada və onun ətrafında Rusiyanın hərbi fəaliyyətlərindən və davam edən atəşkəs pozuntusundan ciddi narahatlığını ifadə edib.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz yaxın tərəfdaşlığımıza sadiq qalırıq”, - deyə Y. Stoltenberq qeyd edib.
Bundan sonra Rusiya ilə Ukrayna sərhədində vəziyyət yenidən gərginləşib. Ukraynanın Prezidenti Vladimir Zelenski isə belə bir açıqlama verib: "Ukrayna NATO-ya üzvlüyə doğru gedir. Bu, Donbasda müharibənin bitməsinin yeganə yoludur".

Mövzu ilə bağlı "Şərq"ə danışan politoloq Natiq Miri bildirdi ki, tərəflər hələ ki, bir-birinə əzələ nümayiş etdirirlər:

"Ukrayna NATO-ya üzv ölkə deyil. Buna görə də onun birbaşa hərbi müdaxiləsi mümkün deyil. Ancaq başda Amerika Birləşmiş Ştatları olmaqla, NATO üzvləri olan ölkələrin Ukraynaya hərbi dəstəyi olacaq. 

İndi Rusiya tamamilə Ukrayna "bataqlığına" çəkilib. Yəni uzunmüddətli perspektivdə düşünürəm ki, Rusiya çox zəif bir duruma düşəcək. Ayrıca, belə bir müharibə başlayarsa, Rusiyada ictimai-siyasi vəziyyət də gərginləşəcək. 

NATO-nun, xüsusilə də ABŞ-ın Ukraynaya dəstəklə bağlı açıqlamalarının hər biri Rusiyaya güc nümayişindən ibarətdir. Eyni şeyi Rusiya da edir.

Bununla onlar biri-birlərinə təzyiq göstərməyə çalışırlar. Bütün bu göstərilərin hamısı çəkindirici güc xarakteri daşıyır".