“Rusiya Avropa ölkələrinin başı üzərində asılmış "Domokl qılıncıdır”

“Qərb diqtə edə bilməyəndə öldürür. Hətta Rusiya olsa da”. 
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. 
 O, tərəflər arasındakı münasibətləri “Sherg.az”a şərh etdi: 

“Amerikaya özündən qat-qat zəif, lakin "cibində" nüvə silahı olan aqressiv Rusiya lazımdır. Rusiya Avropa ölkələrinin başı üzərində asılmış "Domokl qılıncıdır”. 

Rusların 1945-ci ildə Almaniyada, 1956-cı ildə Macarıstanda etdiyi vəhşilikləri avropalılar unutmayıblar. Bu isə həmişəki kimi, Avropanı Amerikanın himayəsinə sığınmağa məcbur edir.


Rusiya tam çökəcəyi halda Avropa ölkələri: Fransa və Almaniya başda olmaqla Amerikanın nüfuz dairəsindən qurtulmağa çalışacaq. Belə bir ideya hələ məşhur fransalı yazıçı Viktor Hüqonun əsərlərində Avropa Birləşmiş Ştatları adı ilə ideya kimi keçirdi”. 

 Ə.Əlibəylinin sözlərinə görə, Moskva ilə mübarizə aparmaq Avropa üçün heç də çətin deyil: 

“Təbii ki, belə bir hal Amerikaya sərf etməyəcək. Bunun üçün tarixə nəzər salmaq kifayətdir. 1800-cü ildə rus imperatoru I Pavel Britaniyanın qatı düşməni olan Fransa imperatoru Napoleon Bonapart ilə gizli müqavilə bağlayaraq, fransız-rus ordu birləşmələrinin Britaniyanın o vaxt müstəmləkəsi olan Hindistana yürüş planı hazırlayırdı.

 Lakin bundan xəbər tutan Britaniya kəşfiyyatı həmin an Pavelin ən çox inandığı Peterburqun qubernatoru qraf Pyotr Palenin başçılıq etdiyi bir dəstə zadəgan vasitəsi ilə 1801-ci ilin martın 24-də gecə saatlarında Paveli qətlə yetirərək, Rusiyanın siyasi xəttini özünün sərf etdiyi istiqamətə yönəltməyə asanlıqla nail oldu. İndi reallıq, bəlkə də, budur:

Rusiya rəhbərliyi Amerika-Britaniya cütlüyünün mənafeyinə zidd olan siyasət yeritmiş olsa idi, onlar üçün Rusiya hakiyyətində dəyişiklik etmək heç də çətin deyil.

Milyardlarla sərmayə, on minlərlə insan itkisi bahasına başa gələcək və nəticəsi bəlli olmayan nəhəng Rusiya ilə müharibə aparmaqdansa bir saatlıq hərbi çevriliş etmək daha asan və qarantlıdır”.