ABŞ daha da aqressivləşir 

Rus diplomatlarının ölkədən çıxarılması təsadüfi deyil 

Ağ Ev administrasiyası seçkilərə müdaxilə və "Solar Vinds" proqramı vasitəsilə dövlət qurumlarına edilən kiberhücumlarla bağlı araşdırmanı başa çatdırıb.
ABŞ Prezidenti Co Baydenin administrasiyası "düşmən hərəkətlərə cavab olaraq" Rusiya diplomatlarının ölkədən çıxarılması və yeni sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə "Bloomberg" ABŞ-ın adının açıqlanmasını istəməyən səlahiyyətli şəxslərindən birinə istinadla məlumat yayıb. Xəbərə görə, Ağ Ev administrasiyası Rusiyanın yol verdiyi "qanunsuzluqlar", o cümlədən, seçkilərə müdaxilə və "Solar Winds" proqramı vasitəsilə dövlət qurumlarına edilən kiberhücumlarla bağlı araşdırmanı başa çatdırıb.

Mənbənin verdiyi məlumata görə, buna cavab olaraq Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat" adı altında fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər.
Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla, Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin, seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil olunacaq.

Qeyd edək ki, aprelin 7-də Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın bir neçə gün ərzində Rusiyanın kiber hücumlara müdaxilə və başqa hərəkətlərinə cavab veriləcəyini bəyan etmişdi.

Politoloq Turab Rzayev "Şərq"ə olan açıqlamasında bildirib ki, Amerikanın Rusiyaya qarşı mövqeyi hələ Baydenin prezident seçkiləri zamanından bəlli idi:

"Prezident seçkilərindən sonra da ABŞ bəyan etdi ki, onlar artıq Rusiyanın nazı ilə oynamaq fikrində deyil.

Biz bilirik ki, Putin dövlət əlaqələrindən əlavə özünə olan hörməti çox dəyərləndirir. Bu mənada, Amerika Prezidenti Baydenin Putini qatil adlandırması onun Rusiya ilə heç bir şəkildə razılaşmaq istəmədiyi anlamına gəlir.

Əvvəlcə İtaliyada rus casusu tutuldu, indi də ABŞ bu barədə düşünür. Bir ara hər NATO üzvü ölkədə rus diplomatlarının sayını azaltmışdı. Düşünürəm ki, bu proses bütün Avropa üzərindən davam edəcək.

Biz bundan sonra da Amerika tərəfdən bu cür aqressiv addımların şahidi olacağıq. Regionda və dünyada çox təhlükəli bir dövrə qədəm qoyuruq. Bu proseslər xırda, adi iqtisadi sanksiyalar kimi qiymətləndirilməli deyil".