“Taliban xəmiri çox su aparacaq”: “Hər iki tərəf güclüdür” 

“Əfqanıstandakı proseslərin hələ əlli illiklər davam edəcəyi də istisna deyil”


Əfqanıstanın Bağlan əyalətində Taliban hərəkatının üzvləri ilə milli müqavimət cəbhəsinin silahlıları arasında döyüşlər yenidən başlayıb. Bu barədə TASS-a müqavimətçilərə yaxın mənbə bildirib. "Bu səhər Bağlanda, Puli-Xisar regionunda “taliblər” və müqavimətçi silahlılar arasında döyüşlər yenidən başlayıb. Taliban  silahlıları itki verərək, geri çəkilməyə məcbur ediliblər", - mənbə agentliyə bildirib.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Əfqanıstandakı vəziyyəti “Sherg.az”a qiymətləndirərkən bildirib ki, situasiya mürəkkəbləşməyə doğru gedir: 

“Talibana qarşı müqavimət yeni deyil. Bu, 90-cı illərdə də olmuşdu. Hətta 2001-ci ildə Talibanın devrilməsində məhz müqavimət hərəkatı mühüm rol oynamışdı. Müqavimətçilər də, sözügedən radikal qruplaşma da kifayət qədər güclüdür. Və bu, artıq beynəlxalq məsələyə çevrilib. Çünki tərəfləri müxtəlif dövlətlər dəstəkləyir. İkinci bir tərəfdən, münaqişənin kökü bu gündə deyil. Əks halda çoxdan razılıq əldə edilmişdi. Məsələ ondan ibarətdir ki, müqavimətçilərin lideri Əhməd Məsudun atası da vaxtı ilə Talibana qarşı dirəniş göstərib. Yəni bu, həm də mənəvi məsələdir”.

 H.Səhrəblının fikrincə, məsələ asanlıqla həllini tapmayacaq: 

“Dediyim kimi, hər iki tərəf güclüdür. Qərb hazırda Əfqanıstanda o qədər də fəal deyil. Çünki uzun illər çalışsa da, istədiyinə nail olmadı. İndi proseslərə yalnız kənardan madaxilə edir. Əlbəttə, ölkənin bu duruma düşməsində beynəlxalq güclərin, o cümlədən Qərbin mühüm rolu var. Rusiya, Çin, ABŞ Əfqanıstanda müəyyən təsir imkanlarına sahibdir. Sosial baza isə problemi həll etməkdən ötrü lazımi səviyyədə deyil. İnsanlar hələ nəyin baş verdiyini anlamırlar. Vətəndaşların çoxu cahildir, biliklilərin sözlərinə isə əhəmiyyət verilmir. Daxildə birlik yoxdur. Bu mənada Əfqanıstandakı proseslərin hələ əlli illiklər davam edəcəyi də istisna deyil”. 

Kənan Novruzov