Növbəti görüşə hazırlıq gedir


Bu dəfə Ərdoğanla Putin müəyyən ortaq məxrəcə gələcəklər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.  Peskov bildirib ki, Putinlə danışıqlar üçün Ərdoğanın Rusiyaya səfərinin geniş gündəliyi hazırlanır. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə etməyi planlaşdırırlar: “Ərdoğanın Rusiyaya işgüzar səfərinə hazırlıq gedir. Gündəlikdə olan məsələlər genişdir, ikitərəfli münasibətlər çoxplanlıdır, prezidentlər üçün hər zaman bu kontekstdə danışmağa mövzu var. Lakin əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq”.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ərdoğan və Putinin görüşü regional kontekstdə Rusiya və Türkiyə arasında müəyyən problemlərin yoluna qoyulması üçündür. Politoloq əlavə edib ki, Cənubi Qafqazda Türkiyənin artan mövqeyi Rusiyanı müəyyən dərəcədə narahat edir:

 "Düşünürəm ki, bu dəfə tərəflər müəyyən ortaq məxrəcə gələcək. Həmçinin, Rusiya bununla Türkiyənin Cənubi Qafqazda, Mərkəzi Asiyada rolunu qəbul etmiş olur. Xüsusilə, Türkiyənin Ukrayna siyasətindən Moskvanın çox ciddi narahatlığı var. Moskva Türkiyənin Ukraynanın model silahlardan təchiz edilməsinə qarşıdır. Ola bilsin ki, bu məsələlər də müəyyən dərəcədə danışıqlar predmeti olsun. Ancaq Türkiyənin Rusiyanın qarşısından geri çəkiləcəyini düşünmürəm. Çünki Türkiyə ilə Rusiyanı iqtisadi əlaqələr daha sıx bağlayır".

Politoloq qeyd edib ki, Türkiyə ilə Rusiya arasında enerji, hərbi-texniki, iqtisadi əməkdaşlıq, turizm sahəsində yeni sazişlər bağlana bilər: 

"Düşünürəm ki,  müəyyən geosiyasi fikir ayrılıqlarına baxmayaraq, iqtisadi maraqlar hər iki ölkənin dərin böhrana getməsinin qarşısını alacaq. Həmçinin, burada Putin və Ərdoğanın şəxsi əlaqələri də iki ölkəni dərin böhrana yuvarlamamasında əsas şərtdir. Zənnimcə,  Zəngəzur dəhlizi ilə bağlı da Rusiya və Türkiyə arasında müzakirələr olacaq və Rusiya Türkiyənin Cənubi Qafqaz siyasəti ilə bağlı müəyyən proseslərə müsbət cavab verəcək, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı.  Çünki Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Görünür, bu danışıqlarda Ərdoğan Putini razı salacaq".

Aynurə Pənahqızı