Ermənistan qana doymayıb, yenə silahlanır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
 

 
Fransa bu ölkəni sülh danışıqlarından uzaqlaşdırmaq üçün ardıcıl addımlar atır
 
 
 Cənubi Qafqazda hərbi-siyasi vəziyyət yeni təhlükəli mərhələyə qədəm qoyur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Azərbaycanın öz suveren ərazisində - Qarabağda keçirdiyi antiterror əməliyyatı nəhayət, regionda separatizmin kökünün kəsildiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından vaz keçdiyini, iki ölkə arasında münaqişəyə son qoyacaq sülh müqaviləsinin imzalanmasına ümidləri artırırdı. Amma öz hərbi və diplomatik sahədə ardıcıl məğlubiyyətlərindən nəticə çıxarmayan Ermənistan rəhbərliyi yenə də sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şəraitdə qeyri-konstruktiv yanaşma sərgilməyə başlayır. Bu qeyri-konstruktivlik Ermənistanın Azərbaycan XİN-in iki ölkə arasında sülhlə bağlı təkliflərinə cavabları gecikdirməklə başlamışdı. Beynəlxalq tədbirlərdə Azərbaycanın Qarabağda guya “etnik təmizləmə” həyata keçirməsinə dair əsassız iddialar səsləndirməsi, Qarabağın erməni sakinlərinin hüquqları ilə bağlı bəndin iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin mətninə salınması cəhdləri, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli razılaşmanın Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndini aşkar şəkildə pozması və s. özünü büruzə verirdi. Bu addımlarda Ermənistan hakimiyyətindəki revanşist qüvvələrin önəmli rolu olsa da, prosesdə regiondan kənar ölkələrin, xüsusən Fransanın rolu olub. XXI əsrdə hələ də utancverici neokolonial dövlət statusu daşıyan Fransa qlobal miqyasda oynadığı təxribatçı rolunu, Cənubi Qafqaz regionundakı proseslərdə də oynamağa çalışır. Ermənistanın Rusiyadan uzaqlaşmaqla bağlı tutduğu siyasi kursu regionda nüfuzunu artırmaq üçün geosiyasi fürsət bilən Paris ötən müddət ərzində bu ölkədə təsirini artırmaq, Cənubi Qafqazda militarizasiya və Ermənistanı sülh danışıqlarından uzaqlaşdırmaq üçün ardıcıl addımlar atdı. Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə seçilən ermənipərəst Makron hökuməti planetin fərqli yerlərində - Okeaniyada, Afrikada, Cənubi Amerikada yürütdüyü avantürist siyasəti Cənubi Qafqaza da daşımağa cəhd edir. Bunun üçün isə daim özünə himayədar axtaran Ermənistan hakimiyyətini bir alət kimi istifadə edir. Siyasi üzaqgörənliyi sıfır səviyyəsində olan Paşinyan hakimiyyəti isə həvəslə Parisin Cənubi Qafqazdakı aləti, forpostu olmaq rolunu icra edir. 2020-ci ildən bəri Ermənistan yeni hərbi partnyoru, Fransa ilə də yaxın dostluq edən Hindistandan dəyəri yüzmilyonlarla dollar olan "Akaş" hava hücumundan müdafiə kompleksi, "ATAGS" və “MArG 155” özüyeriyən haubitsaları, “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Konkurs” tank əleyhinə raketləri və s. əldə edib. Bundan başqa eskalasiyanın əsas sponsoru Fransa da Ermənistana son illərdə bir sıra silahlar satıb. Fransa rəsmi İrəvanla ötən ilin oktyabrında 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnikanın satışı barədə saziş imzalamışdı. Sazişdə “Mistral” qısa mənzilli Hava Hücumundan Müdafiə sistemlərinin gələcəkdə alınmasına dair bənd də var idi. Rəsmi Paris bu sazişi Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia edir, ölkənin təhlükəsizliyini gücləndirməyə dəstək kimi qələmə verirdi. Amma bu il iyunun 19-da Fransanın Ermənistana 36 ədəd SEZAR özüyeriyən haubitsasının verilməsi ilə bağlı imzaladığı müqavilə Parislə İrəvanın növbəti yalanını üzə çıxardı. Bu addımın ardınca, Fransanın 100-ə yaxın tanınmış simasının Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Prezident Emmanuel Makrona müraciət ünvanladığı, müraciətdə Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırışın yer aldığı məlum oldu. Beləliklə, Cənubi Qafqazın əsas ölkəsi – Azərbaycanın maraqları və mövqeyi nəzə alınmadan Fransanın hücum xarakterli SEZAR haubitsalarını Ermənistana satması və ardınca, fransız hərbçilərin ölkəyə yerləşdirilməsinə hazırlıq üçün hazırlanan informasiya fonu ilk növbədə Azərbaycana təhdid yaradır, regionda hərbi-siyasi vəziyyəti irimiqyaslı müharibə həddinə gətirir. Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlaması, beynəlxalq hüquq və normaları pozması faktı bu kontekstdə Ermənistanın kütləvi silahlanma ilə bağlı addımlarını, xüsusilə hücum silahları almasını qeyri-legitim edir. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə Ermənistana ölümcül silahlar almaqdan və regionu hərbiləşdirməkdən vaz keçməklə bağlı xəbərdarlıq edib. 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın kütləvi silahlanması və Azərbaycana qarşı təhlükə törədəcəyi təqdirdə atılacaq addımlar barədə açıq danışmışdı: “Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”. Göründüyü kim, rəsmi Bakı Ermənistanla eskalasiyada maraqlı deyil, bunun baş verməməsi üçün önləyici addımlar atır. Amma görünən odur ki, Nikol Paşinyan hökuməti üçüncü ölkələrin, konkret Fransanın diktəsi ilə hərəkət edir, sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli situasiyanı toksikləşdirir, hərbi təxribatlara meyillənir. Heç kim unutmamalıdır ki, rəsmi Bakı regionda yeni Qarabağ müharibəsi başlatmaq istəyən Ermənistanın hərbiləşmə xəttini davam etdirməsini, öldürücü silahlar almağa davam etməsini sakit şəkildə izləməyəcək.

 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan Ermənistanın silahlanmasını gözləməməlidir. Ekspertin sözlərinə görə, Ermənistanın xaricdən silah-sursat idxalını genişləndirməsi real sülh danışıqlarından imtina etməsi ilə nəticələnə bilər:
"Fransadan Ermənistana silah tədarük edilir. Təkcə silahlar deyil, hərbi təlimatçılar bu silahların tətbiqi, şəxsi heyətin təlimləri üçün Ermənistana gəlirlər. Ermənistan sadəcə Fransa ilə yanaşı, Hindistanla da 600 milyon dollarlıq silahlar alınması istiqamətində müqavilə imzalayıb. Ermənistanın hücum silahları alması, milyard dollarlar xərcləməsi Rusiyanın orbitindən çıxmağa hədəflənməyib. Ermənistan rəhbərliyi bir tərəfdən sülh deyir, digər tərəfdən silahlanır. Azərbaycan və Türkiyə ilə normallaşma prosesində maraqlı olan bir ölkə silahlanmamalıdır. İki il ərzində Ermənistan silahlanmağa davam edərsə, bu vaxta kimi sülh müqaviləsi bağlanmasa, İrəvan sülh danışıqlarını tam dayandıracaq. Paşinyanın hakimiyyətdə uzun illər qalması sual doğurur. Gürcüstandakı kimi hakimiyyət dəyişikliyi olarsa, Rusiyaya yaxın qüvvələr hakimiyyətə gələ bilər. Azərbaycanla münasibətlərin kəskinləşməsi mümkündür. Ona görə də Azərbaycan Ermənistana ciddi təzyiqlər etməlidir. Türkiyə də burada fəal siyasət yeritməlidir. Ermənistanın silahlanmasının qarşısını almağa, Zəngəzur təhlükəsizlik zolağının yaradılmasına ehtiyac var. Sülh müqaviləsinin 90 faizi razılaşdırılsa da, ortada hər hansı saziş yoxdur. Ermənistanla ikitərəfli danışıqlar prosesinə fasilə verilib".

Lakin analitik Azərbaycan və Ermənistan arasında payızda hərbi eskalasiyanın gözlənilmədiyini deyib: 
"Azərbaycanda payızda COP29 beynəlxalq konfransı keçiriləcək. Azərbaycan Ermənistanla hərbi eskalasiya istəmir. Amma Qərbdə Fransa və bir sıra mərkəzlər, həmçinin Rusiya sülhün əldə edilməsində maraqlı deyil. Çalışırlar ki, Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya baş versin. Fransa COP29-u boykot etmək üçün hərbi təxribatlarda maraqlıdır. Rusiyanın da vasitəçilik təşəbbüsü ilə çıxış etməsi iki ölkə arasında sülhə imkan verməmək niyyəti güdür. Əgər Rusiya Ukraynada hərbi qələbə əldə edərsə, Cənubi Qafqazı tam nəzarət altına alacaq, Türkiyəni də Qafqazdan çıxaracaq və Mərkəzi Asiya siyasətinin qarşısını alacaq. Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqlarının toqquşduğu plasdarmdır".