“Türkiyə, Pakistan və Əfqanıstan uyğurlara dəstək verəcək” - AKTUAL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assembleyasında çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub. O, həmçinin Uyğur türklərinin taleyindən danışıb. Ərdoğan Müsəlman Uyğur Türklərinin əsas hüquqlarının Çinin ərazi bütövlüyü baxımından qorunması üçün daha çox səy göstərilməli olduğuna inandıqlarını ifadə edib.  

BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli uyğur türklərinə qarşı sərt mövqe barədə “Sherg.az”a danışıb. O, bildirib ki, uyğur türkləri ötən əsrin 40-cı illərində müstəqillik elan etmiş və öz dövlətlərini qurmuşdular: 

“Sonra Çin SSRİ ilə münasibətlərdən istifadə edərək uyğurların ərazisini tutdu. Lakin uyğurlar həmişə mübariz olublar. Nəticədə ölkənin daxilinə bir milyon kvadrat kilometrdən çox əraziyə malik Sincan-Uyğur muxtar rayonu yaradılıb. Çin hökuməti uyğurları assimilyasiyaya uğramaq məqsədilə çinliləri əraziyə köçürür. Pekin radikal islamçılığa qarşı mübarizə adı ilə uyğurlar əleyhinə terror törədir. İslam dininə sitayiş edənlər radikal islamçı damğası ilə həbsxanaya salınırdılar. Uşaqlar həbsxanalarda “tərbiyə olunurdular”. Həbsxanadakılar milli xörəklərdən məhrum olur, onların dini ayinləri yerinə yetirmələrinə icazə verilmirdi.  Sonradan Çinin bu əməli dünya ictimaiyyətinə məlum oldu. Çünki jurnalistlər baş verənlərə maraq göstərməyə başladılar. Həmçinin Çin hökuməti ailələrə nəzarət etmək məqsədilə xüsusi məmurlar müəyyənləşdirmişdi. Bu isə psixoloji təzyiq demək idi. Qadınlar sərbəst davrana bilmədiklərinə görə narazılıq edirdilər. Sadalıqlarım uyğurları mübarizəyə daha çox sövq etdi. Müxtəlif qurumlar, o cümlədən ümumdünya uyğur təşkilatı yaradıldı”.

S.Məmmədli, həmçinin vurğuladı ki, uyğurların mübarizəsi davam etməkdədir: 

“Məhz onlara verilən zülmlə əlaqədər olaraq Avropa Birliyi Çinə sanksiyalar tətbiq etdi, ABŞ bu barədə dəfələrlə məsələ qaldırdı. Bu gün dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə, Əfqanıstanda uyğurların diaspor təşkilatları var. Bir neçə il əvvəl Çinlə Əfqanıstan arasında razılıq əldə olunmuşdu. Sövdələşməyə görə Pekin Əfqanıstana maliyyə yardımı ayırmalı və bunun əvəzinə oradakı radikal islamçıların fəaliyyətinə imkan verilməməli idi. Lakin indi vəziyyət dəyişib. Artıq uyğurların Əfqanıstandan Çinə qarşı mübarizə aparmaq məsələsi gündəmə gəlib. Və bu proses davam edəcək”.

 Professorun fikrincə, Ərdoğanın bəyanatı mühüm əhəmiyyət daşıyır: 

“Türkiyə Prezidentinin bu məsələni qaldırması, əlbəttə, çox vacibdir. Beləliklə, Ərdoğan müsəlmanların diqqətini çəkdi. Türk birliyinin güclənməsi, demokratik hüquqların bərpası və reallığı əks etdirməsi baxımından bu açıqlama olduqca labüd idi. Dövlət başçısının “Çinin ərazi bütövlüyü” ifadəsini işlətməsinə müasir beynəlxalq münasibətlər sisteminin tələbi kimi yanaşmaq lazımdır. Türkiyə dövlət “yumşaq güc” siyasətindən istifadə edir, taktiki addım atır. Uyğurların hüquqları uğrunda mübarizələri bundan sonra da davam edəcək. Hətta proseslər onu göstərir ki, Türkiyə, Pakistan və Əfqanıstan uyğurlara dəstək verəcək”.