Bayden BMT tribunasında öyündü


"Amerika ilk dəfədir ki, heç yerdə müharibə aparmır"

“BMT Baş Assambleyası adəti üzrə sentyabrın 20-də öz işinə başladı. Böyük və kiçik ölkələrin liderləri BMT tribunasından istifadə edərək çıxışlar edir, dərdlərini beynəlxalq aləmə danışırlar”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Co Bayden ABŞ prezidenti kimi ilk çıxışını BMT-nin 76-cı sessiyasında edib: “Baydenin çıxışı zamanı iki tezis diqqəti çəkdi. Birincisi, Baydenin sözlərinə görə, Amerika ilk dəfədir ki, heç yerdə müharibə aparmır. İkincisi, Amerika “soyuq müharibə”nin bərpasında maraqlı deyil, müxtəlif dövlətlərlə anlaşmazlılqarı danışıqlar yoluyla həll etməyə maraq göstərir. Amerika hazırda müharibə aparmasa da, bu durum uzun çəkməyəcək. Amerika İkinci Dünya müharibəsindən sonra böyüklü-kiçikli onlarla müharibədə ya iştirak edib, ya da səbəbkarı olub. 

Bu sırada 1950-ci illərdə Koreya, 1960-1970-ci illərdə Vyetnam müharibələrini göstərmək olar, Qrenada adasına desant çıxarma, İraq, Əfqanıstana hərbi müdaxilələr, Afrika və Cənubi Amerikadakı müharibələrdə və çevrilişlərdə qeyri-rəsmi iştiraklar da bu qəbilədəndir. Baydenin Amerika qoşunlarını Əfqanıstandan çıxartması başqa münaqişədə iştirak etməyəcəyi anlamına gəlmir. Digər tərəfdən, Amerikanın xarici və təhlükəsizlik siyasətində davamlılıq yoxdur. Yəni Baydendən sonrakı prezident Ağ Evin indiki rəhbərindən fərqli olaraq hesab edə bilər ki, Amerikaya kiçik müharibə lazımdır və qoşunlarını istədiyi bölgəyə göndərə bilər. Bu zaman Baydenin 2021-ci ilin sentyabrında “biz müharibə istəmirik” sözləri xatırlanmayacaq. Co Baydenin “biz “soyuq müharibə” istəmirik” qərarını yalnız Ağ Ev sahibi verə bilməz. Əgər Konqres, Pentaqon, Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi hesab edirlərsə ki, Rusiya və ya Çinin siyasəti Amerika üçün real təhlükədir, bu halda Ağ Evdə oturan şəxs fərqli siyasət yürüdə - Moskva və Pekinə qarşı sanksiyalardan imtina edə bilməyəcək. Bayden çıxışında özü də dedi ki, kiçik dövlətləri və tərəfdaşlarını xarici təzyiqlərdən qoruyacaqlar. Belə olan halda Bayden, misal üçün, keçmiş prezidentlər Barak Obama və Donald Tramp kimi Ukraynanı Rusiyadan qorumalıdır”.

E.Şahinoğlu hesab edir ki, Çin də Amerika ilə münasibətlərdə gərginlik istəmir: “Ancaq əgər Çin bölgədə hərbi gücünü artırırsa, müxtəlif adalara, o cümlədən Tayvana iddia edirsə, qonşuları – Hindistan, Yaponiya və Avstraliya sərt dildə danışırsa, Amerikanın özündə texnologiyaları oğurlamaqla məşğuldursa, tərəfdaşlıq alınmayacaq. İran Prezidenti İbrahim Rəisi BMT sessiyasına videkonfrans vasitəsilə qatılaraq ABŞ-ı bu sözlərlə sərt tənqid etdi:

 “Bu il iki hadisə baş verdi. Yanvarın 6-da ABŞ Konrqesinə hücum edildi, avqust ayında Əfqanıstan Amerikanın işğalından qurtuldu. Kapitoli binasından Kabilə qədər hamıya ismarıc göndərildi: ABŞ-ın hegemonist sistemi inamsızlıq yaradır”. İndi bu sözlərin qarşılığında Baydenin Tehranla necə dil tapacağı sual doğurur. O biri tərəfdən Amerikanın strateji müttəfiqi İsrail Vaşinqtonu Tehrana qarşı siyasətini sərtləşdirməyə çağırır”.

Aynurə Pənahqızı