“İran Azərbaycanda daxili qarışdurma yaratmaq istəyir” - Diqqət artırılsın!

Xəbər verdiyimiz kimi, bu günlərdə Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxs həbs edilib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisə ilə əlaqədar məlumat yayıb. Həmin məlumatda deyilir:

“Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə ölkəmizə qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib”.

 Təəssüf ki, ölkəmizdə yalnız Ermənistan deyil, İran və Rusiyanın da xüsusi xidmət orqanlarına çalışanlar var. Təhlükəsizlik xidməti orqanlarımızın ayıq-sayıqlığı təqdirəlayiqdir. Lakin həmin şəxslərin geniş şəbəkə ilə çalışıb dövlətə xəyanəti danılmazdır. 

 Mövcud durumu “Sherg.az”a dəyərləndirən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycan təhlükəsizlik orqanları-həm DTX, həm əks-kəşfiyyat orqanları çox yaxşı işləyir.

Professor qeyd edib ki, onlar ötən il 44 günlük Qarabağ savaşında yüksək peşəkarlıq göstərdilər:

 “Həmin təhlükəsizlik orqanlarının işçilərinin hazırladıqları xüsusi təyinatlıların da gördüyü işlər olduqca təqdirəlayiqdir. Adətən təhlükəsizlik orqanının işçiləri istənilən məsələni araşdırarkən ən azı 6 ay ərzində kənarda müşahidə aparır və diqqəti cəlb etmədən informasiya toplayırlar. Təəssüf ki, Ermənistana işləyən azərbaycanlı xəyanətkar çıxdı. Satqınların nə vətəni, nə də milləti olur. Onlar satılmağı özləri üçün şərəf bilirlər. İnanıram ki, proses sürətlənəcək. Azərbaycana bəzi dövlətlərin haqsız təzyiqləri cavabsız qalmayacaq”.

 
C.Nuriyev vurğulayıb ki, ölkəmizdə daha çox bu sahədə daxili qarışdurma yaratmaq istəyən İrana xüsusilə diqqəti artırmaq lazımdır:

 “Rusiyaya gəldikdə isə inanmıram ki, ölkəmizdə ciddi işlərlə məşğul olsunlar. Çünki Azərbaycan təhlükəsizlik orqanları Rusiyanın bütün gedişlərindən xəbərdardır. Onlar da bilirlər ki, dövlətimizin bu sahədə peşəkar işçiləri var. Bu baxımdan elə də güclü fəaliyyət göstərə bilməzlər. Ölkəmizdə xarici şirkətlər, səfirliklər və beynəlxalq qurumların nümayəndəlikləri var. Orada da ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən insanların olması təbiidir. Heç bir ölkə belə şeylərdən sığortalanmayıb. Ancaq 44 günlük müharibə göstərdi ki, Azərbaycan təhlükəsizlik orqanları yüksək peşəkarlıqla çalışırlar. İnanırıq ki, bu peşəkarlıq davam edəcək. Çünki bu müddət ərzində ermənilərin içində belə bizim təhlükəsizlik orqanının işçiləri böyük işlər gördülər”.