Türkiyənin “Gedik Holding”i Azərbaycan bazarına dair planlarını açıqlayıb

Türkiyənin qaynaqçılıq sənayesinin bir nömrəli müəssisə oilan "Gedik Kaynak" şirkəti Neftçala Sənaye Məhəlləsində yeni istehsal müəssisəsini və Bakı şəhərində ofisini açıb.

Azərbaycanla bağlı planları barədə “Report”a danışan “Gedik Holding”in İdarə Heyətinin sədri Hülya Gedik bildirib ki, onlar yerli qaynaqçılıq sahəsində 50% paya malik olmaq istəyirlər: "Biz 1995-ci ildən bəri Azərbaycan bazarındayıq. Bu bazar bizim üçün yad deyil. Burada “GeKa” markası ilə təmsil olunuruq. Azərbaycanın qaynaq (elektrod) bazarının iştirakçıları bizim brendimizi tanıyırlar. Hər ölkədə mütləq qaynaq (elektrod) istehsalının olması lazımdır. Çünki, bu bir sıra sahələrin inkişafına dəstək verir. Burada istehsal olmadığı üçün düşündük ki, Azərbaycanda istehsal müəssisəsi açaq və Neftçalada müəssisə qurduq. Düzdür, Türkiyədən Azərbaycana ixrac həyata keçiririk və ixracımız bundan sonra da davam edəcək. Azərbaycan bazarının 50%-nə nəzarət etməyi düşünürük və atdığımız addımlar hədəfimizə çatmaq üçündür.

Düşünürəm ki, doğru zamanda doğru yerdəyik. Qarabağın Azərbaycana qaytarılmasından sonra da orada çalışan bir çox türk şirkətlərinə də məhsul veririk. Həmçinin birbaşa satışlarımız da var. Bununla satışlarımızın genişlənəcəyini, investisiyalarımızın bir qədər də artacağını, məşğulluğa bir qədər də dəstək verəcəyimizi düşünürəm”.