Moskvada koronavirusla bağlı bütün müəssisə və təşkilatların fəaliyyəti dayandırılıb

Rusiya paytaxtında koronavirusla bağlı vəziyyətin kəskin pisləşməsi yeni məhdudiyyətlərə səbəb olub.

AZƏRTAC xəbər verir ki, Moskvada oktyabrın 28-dən noyabrın 7-dək qeyri-iş günləri elan olunub. Bu dövrdə bütün müəssisə və təşkilatların, o cümlədən ticarət, xidmət, ictimai iaşə digər sahələrə aid müəssisələrin fəaliyyəti dayandırılacaq. Restoran və kafelər yalnız çatdırılma xidmətləri göstərəcək. Uşaq bağçaları və məktəblərdə tətil elan olunub, ali məktəblər və peşə məktəbləri distant təhsilə keçirilib.

Teatr və muzeylərə yalnız QR kodu olan ziyarətçilər buraxılacaq. Kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Qeyd edək ki, dünən Moskvada 7879 nəfərdə COVID-19 aşkar edilib, 77 nəfər bu xəstəlikdən dünyasını dəyişib.