“Türkiyə Amerikadan 40-a yaxın təyyarə almaq istəyir”

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Biliç F-35 təyyarələri ilə bağlı açıqlama verib. O qeyd edib:
 “Türkiyə olaraq F-35 layihəsi üçün 1.4 milyard ödəmə etmişik. Seçim çox sadədir. Ya təyyarələrimizi verəcəklər, ya da pulumuzu”.

O, sözügedən məbləğin hazırda Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan F-16 qırıcılarının yeniləməsi üçün istifadə edilə biləcəyini də istisna etməyib. XİN nümayəndəsinin sözlərinə görə, hazırda bu barədə tərəflər arasında danışıqlar gedir.

Qardaş ölkənin səsləndirdiyi fikirlərdə haqlı olduğunu söyləyən siyasi analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, Türkiyə proqramda həm texniki detallar, həm də maddi investisiyalarla iştirak edib.
Onun sözlərinə görə, Türkiyə 1.4 milyard dollardan çox ödəmə edib:

“ABŞ Türkiyənin Rusiyadan S-400 almasını bəhanə gətirərək, F-35-in satışından əl çəkdi. Əlbəttə ki, ya həmin pulu qardaş ölkəyə geri qaytarmalı, ya da təyyarələri verməlidirlər. Əslində Türkiyənin məqsədi təyyarələri almaqdır. 

Digər variant isə budur ki, Türkiyəyə 40 ədəd F-16 təyyarəsi lazımdır və bu təyyarələrin modifikasiya edilmiş versiyaları Türkiyə səmasını 2040-cı ilə kimi qoruya bilər. 

Amma 2040-cı ildən sonra qardaş ölkəyə öz təyyarəsini istehsal etmək, ya da yeni təyyarə almaq lazım olacaq. 

Rəsmi Ankara Amerikadan 40-a yaxın təyyarə almaq istəyir. Lakin bunun üçün də Konqresin icazəsi lazımdır. Ola bilsin, ABŞ-ın üzərindəki təzyiq müəyyən qədər artdı. Çünki Türkiyə Rusiyadan SU -57 təyyarələri də ala bilər və bununla bağlı müəyyən planlar da var idi. 

Ola bilsin ki, SU-57 alma ehtimalı Amerikadan məlum vəsaiti geri tələb etmək və ya F-35-ləri almaq üçündür”.