İlon Mask zənginlər arasında liderliyini qoruyur

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın (Elon Musk) varidatı son 24 saat ərzində daha 3,9 milyard dollar artaraq 252 milyard dollar təşkil edib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunun əsas səbəbi hərraclarda “Tesla”nın dəyər qazanmasıdır. Beləliklə, İ.Mask dünya zənginləri arasında liderliyini qoruyub.

İkinci yerdə qərarlaşan “Amazon” onlayn alış-veriş portalının sahibi Cef Bezosun (Jeff Bezos) varidatı 193 milyard dollardır.

Qeyd edək ki, cümə günü 1,75 faiz bahalaşaraq 909,68 dollardan satılan “Tesla”nın səhmləri bu gün keçirilən hərraclarda daha 5,64 faiz dəyər qazanaraq 961 dollara satılıb. Bununla da şirkətin ümumi dəyəri 900 milyard dollar həddini keçib.