"Avropa İttifaqı da "Taliban"a yardım etməkdə soyuqluq göstərdi"-ŞƏRH

"Taliban" hərəkatı G20-nin virtual sammitində vəd etdiyi təqribən 1,2 milyard dollar məbləğində maddi yardımın təcili olaraq ölkəyə çatdırılmasını tələb edib. Bu barədə Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd kimi irəli sürülən Taliban sözçüsü Məhəmməd Sohail Şahin Tviterdə yazıb. “Əfqanıstan İslam Əmirliyi hökuməti humanitar təşkilat və digər QHT-lər vasitəsilə hərtərəfli əməkdaşlığa hazırdır”, - Şahin bildirib.

Mövzu ilə bağlı politoloq Elman Vəliyev "Şərq"ə açıqlamasında bildirib ki, "Taliban" hökumətindən əvvəlki hakimiyyətə beynəlxalq səviyyədə yardımlar edilirdi. Ancaq hakimiyyət "Taliban"a keçdikdən sonra bu yardımların bir qismi azaldı, bir qismi də dayandırıldı:

 "Avropa İttifaqı da "Taliban"a yardım etməkdə soyuqluq göstərdi. İndi "Taliban" tərəfinə yeni hökuməti irəli aparmaq üçün maddiyyat lazımdır. Buna görə də G20 ölkələrindən yardım edilməsini istəyir. "Taliban" hökuməti yeni qurulan bir hökumətdir. Hökumətin qarşısında duran əsas prioritetlərdən biri beynəlxalq səviyyədə tanınması, əməkdaşlığıdır. "Taliban" da buna çalışır".

E.Vəliyev diqqətə çatdırıb ki, Əfqanıstana maraqları olanlar əlbəttə ki, əməkdaşlıq etməyə davam edəcək: 

"Ancaq zənn edirəm ki, "Taliban"a ilk və əsas yardım Çindən gələcək. Bu yaxın zamanda Çin tərəfi ilə "Taliban" arasında görüş keçirildi. Görüş hər iki tərəf üçün müsbət oldu. Hətta ikitərəfli anlaşmaya əsasən Əfqanıstandan Çinə əncir, fıstıq və s. kimi məhsullar ixrac ediləcək. Əlbəttə ki, Əfqanıstan Çin üçün önəmli mövqedir. Bildiyimiz kimi, Çin hal-hazırda iqtisadi siyasət yeridir. Əfqanıstan da bu siyasətin bir parçasıdır. Hətta, "Taliban"ın hakimiyyətə gəlməsi Çinə daha çox sərf edir. Hesab edirəm ki, Çinlə yanaşı Rusiya da, Türkiyə də "Taliban"la zamanla uzlaşmalar əldə edəcək".