Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb.
Sherg.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkədə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub.