“İranın müharibədən sonrakı cəhdləri uğursuzluğa düçar oldu”

Türkmənistanın paytaxtı Aşqabadda noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında görüş baş tutub. Görüş zamanı  liderlər Azərbaycanla İran arasında Şimal-Cənub  və Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Dəhliz açıldıqdan sonra İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi bildirilib.Tərəflər  Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən danışarkən artıq  regionda geosiyasi vəziyyətin dəyişdiyi diqqətə çatdırıblar. Bundan sonarkı proseslərdə bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi də vurğulanıb. 

Habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər arasında“İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanıb.

Prezident  İlham Əliyev saziş barədə danışarkən belə bir sənədin İran-Azərbaycan əlaqələrinin dərin olmasından xəbər verdiyini diqqətə çatdırıb. Bununla Azərbaycanın Türkmənistan qazını İran üzərindən alacağını, beləcə üçtərəfli əməkdaşlıq üçün çox gözəl fürsət yarandığını bildirib. 

Həmçinin, o, imzalanmış  sənədin iqtisadi və enerji  təhlükəsizliyi baxımından da çox böyük önəm kəsb etdiyini deyib.Eyni zamanda prezident İlham Əliyev  jurnalistlərə açıqlamasında görüş zamanı müzakirə olunan məsələlərin  İran-Azərbaycan əlaqələrinin  yüksək səviyyədə olduğunu  göstərdiyini və bundan sonra da İranla əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf edəcəyini bəyan edib. İranın dövlət başçısı İbrahim Rəisi isə bu iki xalqın tarix,sivilizasiya birliyindən söz açıb. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən birinin də İran olduğunu xatırladıb. O, Qarabağ mövzusuna toxunarkən rəsmi Tehranın bu mövzuda mövqeyinin Azərbaycanın ərazi bütövlüyü təmin olunması olduğunu vurğulayıb.

Maraqlıdır, ikinci Qarabağ savaşında Azərbaycan tərəfinə qərəzli münasibət sərgiləyən İran hazırkı mövqeyində nə qədər səmimidir?Tərəflər arasında baş tutan görüş perspektivdə  İran-Azərbaycan münasibətlərinə nə vəd edir?  

 Mövcud durumu "Sherg.az”a dəyərləndirən  politoloq Sədrəddin Soltan istər müharibə dövründə, istərsə də ondan sonrakı dönəmdə İran tərəfin tutduğu qərəzli mövqeyin hər kəsə bəlli olduğunu deyib: 

Rəsmi Tehranın müharibədən sonra tərəflər arasındakı münasibətləri suni şəkildə korlamaq cədləri uğursuzluğa düçar oldu. İran bunun fərqinə vardı və əməkdaşlığın daha yaxşı olduğunu düşündü.Aşqabad görüşü tərəflər arasındakı münasibətlərin inkişafına ümid artırıır”. 

Politoloq görüşdə imzalanan “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş”ə diqqət çəkib . O, bildirib ki, bu saziş gələcəkdə tərəflər arasında karbohidrogen yaxud energetika sahəsində əməkadlığa nümunələrdən  ola bilər. S.Soltan dövlətlər arasındakı münasibətlərdə gərginliklərin hər  zaman olduğunu və  maraqların toqquşduğu məqamlarınsa bu gərginliyə təsir göstərdiyini söyləyib:

 “İranla Azərbayacan arasında perspektivdə yeni gərginliyin yaranmayacağını demək sadəlövlük olar. Hər iki ölkənin fərqli eyni zamanda ortaq maraqları var. Bu maraqlar təmin olunmadıqda münasibətlərin korlanması istisna olunmur”. 
Politoloq  Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra  Cənubi Qafqazda  yaranmış şəraitə görə İran tərəfinin rəsmi Bakı ilə tərəfdaşlığın üstünlüyünü dərk etdiyini vurğulayıb.

“Rəsmi Tehran bu səbəbdən tərəflər arasındakı əlaqələrin inkişafına can atır”.