Əfqanıstan humanitar böhran yaşayır


"Taliban" Avropa İttifaqından yardım istəyib

Qətərin paytaxtı Dohada "Taliban" rejiminin Xarici işlər naziri Emirhan Muttaki ilə Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi elçisi Tomas Niklasson arasında görüş keçirilib. Görüş zamanı tərəflər Əfqanıstana humanitar yardım, hava limanlarının açılması, qızların təhsili kimi müxtəlif mövzularda danışıqlar aparıb. 

Avropa İttifaqının Komissiyası bəyanatında bu görüşün müvəqqəti "Taliban" hökumətini tanıması demək olmadığını xüsusi vurğulayıb. Bəyanata görə, hər iki tərəf Əfqanıstanda hava limanlarının açıq saxlanmasının vacibliyini qeyd edib. Müvəqqəti hökumət hava limanlarının fəaliyyətini davam etdirmək üçün Aİ-dən yardım istəyib. Tərəflər həmçinin Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi ilə bağlı narahatlıqlarını ifadə edib. Aİ tərəfi əfqan xalqına humanitar yardım göstərmək niyyətini ifadə edərkən, müvəqqəti hökumətdən dövlət işçilərinin aylardır ödənilməyən maaşlarını ödəmə öhdəliyini xatırladıb.

Mövzuyla bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında bildirib ki, Əfqanıstanda "Taliban" hakimiyyətinin çətinliklərlə üzləşməsi təbii haldır. Politoloq qeyd edib ki, uzun illərdən sonra sərbəst idarəçilik fəaliyyəti yürütmək istər idarəçilik, istərsə də humanitar və siyasi baxımdan asan iş deyil: 

“Bu fəaliyyətdə Əfqanıstana yaxın dövlətlərin, o cümlədən Avropa birliyi ölkələrinin də maraq dairəsində olmalıdır. Bu baxımdan, Avropa İttifaqının Əfqanıstandakı humanitar məsələlərə diqqət ayırması və dəstək xarakterli fəaliyyət aparmaq cəhdlərini normal qarşılamaq lazımdır. 

Aİ-nin bu fəaliyyəti "Taliban" hökumətinin tanınması kimi qəbul edilməməsinə gəlincə qeyd etmək lazımdır ki, tək Aİ yox, hələlik heç kim "Taliban" hökumətini tanımayıb. Bunun üçün hələlik tez olduğunu düşünürlər, çünki əvvəla "Taliban" rəsmi şəkildə terror təşkilatı kimi qəbul edilir. 

Bundan əlavə "Taliban" hələlik özünü dünya birliyi qarşısında reabilitasiya etməli, özünü dünya birliyinin qəbul edəcəyi şəkildə uyğunlaşdırmalıdır. 

Görünən odur ki, Aİ və digər maraqlı ölkələr də "Taliban"ı bu fəaliyyətdə dəstəkləyirlər və onları real güc hesab edirlər. Hesab etmək olar ki, "Taliban" dünya birliyinin onlara olan ümidini doğruldacaq. Hesab etmək olar ki, mövcud çətinliklər müvəqqətidir. 

Ehtimal ki, "Taliban " hakimiyyəti Əfqanıstanın təbii resurslarını əfqan xalqının rifahına xərcləyərək və dost hesab etdiyi ölkələrlə həm iqtisadi, həm də siyasi sahədə normal əlaqələr quracaqdır”.