Talibandan əfqan qaçqınlara çağırış: Evinizə qayıdın!

Əfqanıstandakı Taliban administrasiyası ölkədə təhlükəsizliyin bərqərar olduğunu, qaçqın olan əfqanların öz evlərinə qayıda biləcəyini bəyan edib.
“Sherg.az” xəbər verir ki, Kabildə “Beynəlxalq Miqrantlar Günü” münasibətilə keçirilən proqramda  hökumətinin baş nazir müavini Məhəmməd Həsən Axundun mesajı oxunub:
"Gəldiyimiz vaxtdan minlərlə ailənin öz evlərinə qayıtmasına kömək etmişik. Gələn il bütün əfqan qaçqınlarını evlərinə qayıtmağa çağırırıq. İndi Əfqanıstanda sülh hökm sürür. Hər kəs əfvdən həzz alıb ölkəyə qayıda bilər".  

Taliban administrasiyasının xarici işlər nazirinin müavini Abbas Stanekzey çıxışında İran və Pakistanda üç milyon əfqan qaçqının olduğunu, yüz minlərlə əfqan qaçqının isə dünyanın müxtəlif yerində sığındığına diqqət çəkib.

A.Stanekzey ölkədəki problemlərin ABŞ-dan qaynaqlandığını bildirib:

"Dohada danışıqlar zamanı ABŞ administrasiyası öz diplomatlarını Əfqanıstandan çıxarmayacağına və dünya ölkələrini Taliban administrasiyası ilə əməkdaşlığa sövq edəcəyinə söz vermişdi. Beynəlxalq ictimaiyyətə müraciət edirəm ki, qoy, ABŞ-a təzyiq göstərsinlər, bloklanmış pullarımızı sərbəst buraxsınlar. Qərb ölkələri əfqan xalqının özlərinə immiqrasiya riski yaratmamalarını istəyirsə, ölkəmizin infrastrukturunun yenidən qurulmasında bizə kömək etməlidirlər”.

Bildirək ki, həmin görüşdə Türkiyənin Kabildəki səfirliyinin müşaviri Əmrə Manav və Türk Qızıl Aypara Cəmiyyətinin Əfqanıstan nümayəndə heyətinin rəhbəri Ferit Əhməd Ziya da iştirak ediblər.

Çimnaz ŞAHLAR