Məxfi Xidmət: Trampa sui-qəsd cəhdindən yarım saat öncə

Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə respublikaçı Donald Trampa sui-qəsd cəhdindən təxminən yarım saat əvvəl ABŞ Məxfi Xidməti yaxınlıqdakı binanın damında şübhəli şəxs olması barədə məlumat alıb.

Axar.az xəbər verir ki, bunu mətbuat konfransında ABŞ Məxfi Xidmətinin rəhbəri vəzifəsini icra edən Ronald Rou deyib.

Onun sözlərinə görə, saat 17:45-də yerli hüquq-mühafizə orqanlarının əməkdaşları məxfi xidmətin snayper qrupunun rəhbərinə yaxınlıqdakı binanın damında şübhəli şəxs olması barədə məlumat verib və onun iki fotoşəkilini göndəriblər.

Rounun sözlərinə görə, nə Məxfi Xidmət, nə də Trampın şəxsi mühafizəsinin nümayəndələri atəş açılan vaxta, yəni saat 18:11-ə qədər cinayətkarda odlu silah olmasından xəbəri olmayıb.