84 yaşlı hindli 11 peyvənd vurdurub

12-cini vurdurarkən yaxalandı

   Hindistanda ağlagəlməz hadisə yaşanıb. 84 yaşlı Brahmdeo Mondal COVİD-19-a qarşı 11 doza peyvənd vurdurub. Bu barədə xəbər “Milliyet.com”da yer alır. Xəbərdə bildirilir ki, Hindistanda peyvənd vurdurmaq məcburi deyil. Ölkə səhiyyəsi vətəndaşlara  2 cür peyvənd təqdim edir. Peyvənd seçimini vətəndaşların öhdəsinə buraxır. B.Mondal isə ötən 1 il ərzində 11 doza peyvənd vurdurub. 

12-ci dozanı vurdurmaq üçün xəstəxanaya gedən Mondal bu dəfə yaxalanıb. Hindistanın Mandhepura bölgəsində yerləşən xəstəxananın həkimi Amarendra Pratar Shahi deyib ki, 84 yaşlı kişinin  4 ayrı peyvənd mərkəzində 8 doza peyvənd vurdurmasına dair sübutlar var. 

Mondal bir gündə yarım saat aralıqla 2 doza peyvənd vurdurub. Həkim 84 yaşlı adamın bu qədər peyvəndi necə vurdurduğunun ağlasığmaz olduğunu söyləyib. 

Hindistan Səhiyyə Nazirliyi də çaşqınlıq içindədir. Ölkədə əhalinin hələ ki, 65 faizinin peyvənd olunduğu bir vaxtda, necə olur ki, bir adama 11 doza peyvənd vurulur? Ola bilsin, kompüter sistemində yanlışlıq baş versin, peyvənd olunanlar barədə məlumatlar sistemə gec yerləşdirilsin. Amma bu insan dəfələrlə artıq peyvənd olunduğunu özü bilir. 

Buna necə razı olub, necə qəbul edib? 84 yaşlı kişi isə “peyvəndlər səhhətimə çox yaxşı təsir edir. Peyvənddən sonra bel və baş ağrılarım keçib, əvvəlcə əsa ilə gəzirdim, artıq rahat şəkildə yeriyirəm”, deyib. “Peyvənd aşiqi” Mondal  bilərəkdən çoxsaylı peyvənd vurdurduğunu etiraf edib:

 “Fərqli hesablar açdırdım, peyvənd üçün ayrı-ayrı tibbi mərkəzlərə gedirdim”. Belə insanlar da var. Bəziləri peyvənddən qaçır, bəzisi də bilərəkdən çoxsaylı peyvənd vurdurur.