Valeri Çeçelaşvili: Azərbaycan və Gürcüstan əməkdaşlığının davamlılığı, regional sabitlik və təhlükəsizlik baxımından mühüm rol oynayır

Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İvani Kobaxidzenin Azərbaycana etdiyi ilk səfər, iki ölkə arasındakı strateji əlaqələri və siyasi əməkdaşlığı gücləndirir. Bu seçkilər, Gürcüstanın milli suverenliyini, təhlükəsizliyini və siyasi sabitliyini qoruma istiqamətində atdığı mühüm addımı nümayiş etdirir. Azərbaycanla Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətləri, Cənubi Qafqazın təhlükəsizliyi və inkişafı üçün vacib bir faktordur. Bu tərəfdaşlıq, regionda ənənəvi dəyərlərin, milli mədəniyyətin və tarixi irsin qorunmasına yönəlmiş strateji birləşməni təmsil edir. Həm Azərbaycan, həm də Gürcüstan Cənubi Qafqazda regional sabitlik və iqtisadi inkişafın təmin edilməsində əsas rol oynayır, eyni zamanda bu iki ölkə müxtəlif çağırışlara qarşı birgə mübarizə apararaq regional inteqrasiyanı dəstəkləyir.

İvani Kobaxidzenin Bakıya səfərini şərh edən GUAM-ın baş katibi, iqtisad elmləri namizədi Valeri Çeçelaşvili "Sherg.az"a bildirib ki, Gürcüstan hökumətləri daim Azərbaycanla strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurur:
"Bu əlaqələr, iki ölkənin regional və beynəlxalq mövqeyini gücləndirir, xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində mühüm üstünlüklər yaradır. Gürcüstan, Azərbaycanın beynəlxalq bazarlara çıxışında əsas tranzit ölkə kimi çıxış edir. Bu infrastruktur həm Azərbaycanın enerji ehtiyatlarını dünya bazarlarına çatdırmasına, həm də Gürcüstanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Gürcüstan rəhbərliyinin bu əməkdaşlığın inkişafına töhfə verməsi vacibdir. "Gürcü Arzusu" partiyasını təmsil edən İrakli Kobaxidze bu tərəfdaşlığın əhəmiyyətini anlayır və onun gücləndirilməsinə önəm verir. Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlığın davamlılığı, regional sabitlik və təhlükəsizlik baxımından da mühüm rol oynayır."

Politoloq Qədir Aslan isə bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə artıq birgə mühüm addımlar atıblar:
"Həm Bakı-Tbilisi-Ceyhan neft kəməri, həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm də Gürcüstan və Türkiyənin-Azərbaycanın birgə keçid layihələri artıq həyata keçirilib. Bu infrastruktur xətləri yalnız üç ölkə arasında ticarət və iqtisadi əlaqələri möhkəmləndirmir, həm də regional əlaqələrin inkişafına zəmin yaradır. Həmçinin, bu layihələr iqtisadiyyatın digər sahələrini də gücləndirir, enerji, nəqliyyat və logistika sahələrində əhəmiyyətli irəliləyişlərə səbəb olur. Düşünürəm ki, bu əlaqələri daha da inkişaf etdirmək lazımdır. Bunun üçün, əlbəttə, siyasi sabitlik, qarşılıqlı etimad və regional əməkdaşlıq vacibdir. Bu, yalnız iqtisadi tərəqqini təmin etməyəcək, həm də bölgədəki münaqişələrin həllinə, əməkdaşlıq mühitinin inkişafına və rifahın artmasına gətirib çıxaracaq. Ümid edirəm ki, bu əməkdaşlıq gələcəkdə daha da uğurlu olacaq."