Qazaxıstanın bütün bölgələrində fövqəladə vəziyyət ləğv edilib

Qazaxıstanda fövqəladə vəziyyət və komendant saatı dayandırılıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 19-da gecə 00:00-dan etibarən Nur-Sultan və Almatı şəhərlərində, həmçinin Almatı, Atırau, Cambil, Qızılorda və Manqistau vilayətlərində fövqəladə vəziyyət rejiminə son qoyulub.

Qeyd edək ki, bundan əvvəl Prezident digər bölgələrdə də fövqəladə vəziyyəti vaxtından əvvəl ləğv etmişdi.

Beləliklə, bütün ölkə normal həyata qayıdır. Fövqəladə vəziyyət dövründə tətbiq edilən komendant saatı və digər müvəqqəti məhdudiyyətlər ləğv edilir.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhəri və Mangistau vilayətində etirazlardan dolayı əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ölkə ərazisində fövqəladə vəziyyət barədə fərman vermişdi.