Qoşunlar toplaşır: Hər an müharibə ola bilər

Rusiya Ukraynanın Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərindən əməkdaşlarını təxliyə etməyə hazırlaşır.

ABŞ-ın “New York Times” qəzeti xəbər verir ki, bu barədə Ukrayna təhlükəsizlik orqanındakı yüksəkvəzifəli əməkdaş məlumat verib.

Nəşrin xəbərinə görə, hələ yanvarın 5-də 18 nəfər ölkəni tərk edib. Onlar əsasən diplomatların uşağı və həyat yoldaşları olub. Daha 30 nəfər yaxın vaxtda Kiyev və Lvovdakı diplomatik nümayəndəliklərdən ayrılacaq. Bu qərarın nə ilə bağlı olduğu hələ ki bəlli deyil.

Bundan başqa, ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, Vaşinqtonun gözlənilən təxliyədən xəbəri olub.

“Bununla belə, rəsmi Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin hələ də Ukraynaya hücumla bağlı yekun qərar vermədiyini düşünür”, - “New York Times” qeyd edir.

Bundan əlavə, ukraynalı mənbə vurğulayıb ki, rəsmi Kiyev Rusiya qoşunlarının təlimlər üçün Belarusa yeridilməsindən ehtiyat edir. Ukrayna bunun ölkəni şimaldan, şərqdən və cənubdan hücuma məruz qoymağa hesablandığını düşünür.

Rusiya Xarici İşlər Nazirliyi də diplomatların çıxarılması məsələsinə aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, rəsmi Moskvanın Ukraynadakı səfirliyi adi qaydada fəaliyyət göstərir.

Qeyd edək ki, yanvarın 16-sı Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın "CNN" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir. Ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır: "Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir".

Peskov həmçinin vurğulayıb ki, ABŞ Rusiyanın, guya, Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına heç bir sübut təqdim etməyib: "Biz hələ də sübut gözləyirik".

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında baş verən hadisələr sadəcə müxtəlif siyasi mərkəzlərin öz dividendləri üçün rəsmi Kiyevi istifadə etmək cəhdləridir:

"Rusiyanın NATO-dan əsas istədiyi məsələ onun şərqə doğru genişlənməməyi ilə bağlı üzərinə öhdəlik götürməyidir. Amma təəssüf ki, NATO Rusiyanın bu tələblərinə cavab vermir. Sonuncu NATO-Rusiya görüşlərində də həmin məsələ barədə təklifləri hərbi blok qəbul etməyib. Həmçinin Rusiyada psixoloji təzyiqləri artırmaq üçün Ukrayna ilə sərhəd bölgəsinə yüz minlərlə qoşun növləri yığıb. Təbii ki, bu da kənardan yaxşı qarşılanmır. Hazırkı dövrdə ölkələrin sərhəd şəhərlərdə hansısa təlim keçirib, qoşun yığmaq onun suveren hüququ hesab edilir. Lakin siyasi baxımdan qonşulara psixoloji basqı vasitəsi sayıldığı üçün etik hesab edilmir. Eyni zamanda Krım məsələsi və Donbassdakı münaqişənin alovlandırılmasından sonra da Rusiya sərhədə xeyli sayda qoşun yığıb. Bu da dünyanın siyasi çevrələrində aqressiyanın, hücumun və işğalın baş verməyi ilə bağlı haqlı şübhələrin yaranmağına səbəb olub".

Politoloqun qənaətincə, ən yaxın və qısa perspektivdə Rusiya Ukraynaya hər hansı silahlı müdaxilə etməyəcək:

"Çünki NATO-nun baş katibi Yens Stoltonberq sonuncu dəfə "La Repubblica" qəzetinə verdiyi müsahibəsində Ukraynanın, Gürcüstanın, İsveç və Finlandiyanın hərbi alyansa üzv olmaqla bağlı konkret addımlarının atılmadığını vurğulayıb. Amma əslində bu, onu göstərir ki, dolayı yolla da olsa, NATO Rusiyanın təklifləri ilə razılaşıb. Ukrayna, Gürcüstan, həmçinin İsveç və Finlandiyanı hələ ki, tam olaraq ittifaqın üzvlüyünə qəbul etmir. NATO üzv olmayacağı təqdirdə bu ölkələrin ərazilərinə hansısa ciddi hərbi müdaxilənin olacağını düşünmürəm. Amma bütövlükdə hərbi təşkilat - Rusiya, rəsmi Moskva-ABŞ və Rusiya-ATƏT danışıqlarının da uğursuz keçdiyini nəzərə alsaq, hər an gərginləşdirici bir faktor ortaya çıxa bilər. Həmçinin hərbi münaqişə vəziyyəti də yarana bilər. Bu baxımdan Rusiyanın Ukrayna ilə növbəti müharibəsi istisna deyil".

Sücayət Mehti