Kiyev müharibə aparmaq havasında deyil


Əsas qarşıdurma Qərblə Rusiya arasında yaşanır

"Bəzi məqamlarda Ukrayna proseslərdə demək olar ki, iştirak etmir. Kiyevin əvəzinə Qərb dairələri psixoloji və informasiya müharibəsi aparır"

   Ukrayna və Rusiya arasında hərbi gərginlik 2014-cü ildə Krım yarımadasının Rusiya tərəfindən ilhaqından sonra ən yüksək səviyyəyə çatıb. Rusiya Ukrayna sərhədlərinə 100 mindən artıq qoşun toplayıb. Qərb dövlətləri və Ukrayna Rusiyanın tezliklə yeni işğala başlayacağını düşünür. Rusiyanın hərəkətlərindən narahat olan Qərb dövlətləri Ukraynaya hərbi yardımlar göndərir. Kanada və Böyük Britaniya Kiyevə xüsusi təyinatlı hərbi qulluqçular yerləşdirir. Bir neçə həftə əvvəl Qərb və Rusiya arasında təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar keçirilsə də, 3 dialoq prosesi nəticəsiz qalıb. 

Kreml işğal planlaşdırdığını inkar edir və iddia edir ki, NATO-nun Ukraynaya dəstəyi, o cümlədən silah təchizatı və hərbi təlimlərin artırılması Rusiyanın qərb cinahında təhlükələri artırıb. Münaqişə ilə bağlı 5 il ərzində demək olar ki, heç bir nəticə əldə edilməyib. Ara-sıra kiçik toqquşmalar baş verib. Ukrayna qüvvələrinin oktyabr ayında ilk dəfə olaraq Türkiyə istehsalı olan zərbə PUA-ları ilə separatçıların mövqelərinə zərbə endirməsi Rusiyanı qəzəbləndirib. 

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə gərginliyi müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını keçirib. Zelenski hər şeyə hazır olduqlarını bildirib: “Hakimiyyət gərginliyin azaldılması üçün çalışır. Biz tərəfdaşlarımız, diplomatlarımız və ən əsası hərbçilərimizin yanındayıq. Onlar bizi qoruyurlar və biz onları qorumalıyıq. Ukraynanın şərqində vəziyyət nəzarət altındadır. Panikaya ehtiyac yoxdur”. Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov Təhlükəsizlik Şurasının iclasından sonra mətbuata açıqlama verib. O, Ukraynanın şərqində vəziyyətin nəzarət altında olduğunu bir daha vurğulayıb: “Mövcud vəziyyət bizə aydındır, təşviş üçün heç bir əsas yoxdur. Hər kəsdən sakit olmağı xahiş edirəm. Vəziyyət tamamilə nəzarət altındadır”. 

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisi Con Kirbi isə məlumat verib ki, Pentaqon Ukraynaya görə qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib: 

“Ukrayna ətrafındakı vəziyyətə görə Pentaqon ABŞ ərazisində 8500 nəfərlik kontingenti Avropaya göndərilmək üçün yüksək döyüş hazırlığı səviyyəsinə gətirib. Lakin onların qitəyə göndərilməsi barədə qərar verilməyib”. Kirbi əlavə edib ki, ölkə xaricindəki qoşunlar da yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib. 

Britaniyanın Baş naziri Boris Conson bildirib ki, Ukrayna Rusiya üçün ikinci Çeçenistan ola bilər: “Biz Kremlə, Rusiyaya bildirməliyik ki, Ukraynaya təcavüz ağrılı, zorakı və qanlı bir iş olacaq. Düşünürəm ki, Rusiyadakı insanların buranın yeni Çeçenistan ola biləcəyini başa düşməsi çox vacibdir”.

Tərəflərin gərginliyini “Şərq”ə dəyərləndirən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib ki, hərbi toqquşma ehtimalı heç vaxt istisna edilmir. Analitikin fikrincə, hərbi qarşıdurma riskinin aradan qaldırılması üçün sadəcə bir tərəfin mövqeyi kifayət etmir: 

“Bəzi hallarda kənar təsirlərlə, təxribat hərəkətləri ilə süni qarşıdurma yaradılır və vəziyyət gərginləşdirilir. Bir tərəfdə Qərbin geosiyasi maraqları varsa, digər yanda Rusiya ilə rəqabətdə olan başqa ölkələr var. Hazırda tərəflər arasında informasiya və psixoloji yöndə savaş gedir. Əsas qarşıdurma Kiyevlə Moskva deyil, Qərblə Rusiya arasında yaşanır. Bəzi məqamlarda Ukrayna proseslərdə demək olar ki, iştirak etmir. Kiyevin əvəzinə Qərb dairələri psixoloji və informasiya müharibəsi aparır. Bəzən hətta dezinformasiya mühiti də yaradır. Lakin ümumi anlamda Ukrayna böhranının səbəbkarı Rusiyadır. Qərb dövriyyəyə nə qədər dezinformasiya buraxsa da, hərbi qarşıdurmanın meydana çıxması Kremllə bağlıdır. Rusiya təkcə Ukraynanın cənub-şərqi ilə məhdudlaşmır. Eyni zamanda Belarusiya vasitəsi ilə Polşa sərhədinə də hərbi qüvvələr cəmləyir. Moskvanın bu cür addımları gərginliyi artırmağa xidmət edir. Rusiyanın Ukrayna məsələsində ədalətsiz mövqe sərgilədiyini bütün dünya ictimaiyyəti bilir. Qərb sadəcə Rusiyanın qərb sərhədlərində Moskvaya hansısa təhlükə yaradırsa, Kreml bunu “arxa bağçası” saydığı bir çox regionda həyata keçirir. Müstəqilliyini əldə etmiş dövlətlərin suverenliyinə təhlükə yaradır. Rusiya müstəqil postsovet ölkələrinə sərbəst şəkildə öz müttəfiqlərini seçmək haqqını vermək istəmir. Yəni Qərb ölkələrində bir günah varsa, Rusiya beş dəfə suçludur. Artıq Moskva özünün yaratdığı geosiyasi böhranın girovuna çevrilməkdədir. Nə geriyə çəkilə bilir, nə də irəli getməyə cürət edir. Kremlin yeganə çıxış yolu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təklifini qəbul etməkdir”.