Körpü salındı...

İstifadə olunmamış potensial hələ çox genişdir

İran-Azərbaycan əlaqələrində yeni mərhələ başlayır

Yanvarın 25-də İranın Yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər etdi. Səfər çərçivəsində bir sıra vacib görüşlər keçirildi. Azərbaycan və İran arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki proyektlər haqda müzakirələr aparıldı. İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyuldu. Körpünün bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. 

Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti də İranda səfərdədir. Müdafiə naziri ötən gün İran Prezidenti İbrahim Rəisi tərəfindən də qəbul edilib. Görüş zamanı Prezident İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran rəhbəri dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. 

İran-Azərbaycan əlaqələri barədə danışan millət vəkili Azər Badamov deyib ki, Azərbaycan bütün qonşu ölkələrlə səmimi qonşuluq münasibətlərində olmaq və əməkdaşlıq platformalarını genişləndirmək niyyətindədir. Deputatın sözlərinə görə, İran Azərbaycanın yaxın qonşusu, xüsusilə, mədəni, tarixi və ictimai bağları ilə yaxınlığı olan bir ölkədir: 

“Keçən ilin noyabrında Prezident İlham Əliyevin İran rəhbəri İbrahim Rəisi ilə görüşü münasibətlərin inkişafına müsbət impuls verib. Aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açıb. Azərbaycanla İran arasında əməkdaşlıq etmək üçün istifadə olunmamış potensial çox genişdir. Rüstəm Qaseminin səfəri çərçivəsində Astaraçay üzərində yeni avtomobil körpüsünün və piyada keçidinin tikilməsi ilə bağlı sənəd imzalandı. 

Azərbaycanın İranla yükdaşımalarının həcmi sürətlə artmaqdadır Astaraçay körpüsünün yenidən tikilməsi ölkələrimizin tranzit imkanlarını genişləndirəcək. O cümlədən, İran nümayəndə heyəti Zəngilan rayonuna səfəri çərçivəsində Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa etdiyimiz nəqliyyat layihələri ilə tanış oldu.

 İran yeni reallığa uyğun yaratdığımız 3+3 formatında iştirakda maraqlıdır. Zəngəzur dəhlizi bu istiqamətdə region ölkələrinin eyni platformada əməkdaşlıq etmək imkanlarını daha da genişləndirəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində, investisiya layihələrinin icrasında İran şirkətləri də iştirak etməkdə maraqlıdır”. 

Millət vəkili Sahib Alıyev də vurğulayıb ki, Azərbaycanın müdafiə nazirinin İrana, İranın yol və şəhərsalma nazirinin isə Qarabağ üzərindən Azərbaycana səfəri Prezident İlham Əliyevin də vurğuladığı kimi ölkələrimiz arasında yeni səhifənin açılmasından xəbər verir: 

“Prezidentlərin Aşqabaddakı görüşlərindən sonra İranla əlaqələrin inkişafını görməmək mümkün deyil. Münasibətlərin gələcəkdə necə olacağı ilk növbədə rəsmi Tehranın atacağı addımlara bağlıdır. İranla bir-birinin daxili işlərinə qarışmadan, qarşılıqlı faydaya dayanan mehriban qonşuluq siyasəti yeritmək bizim istəyimizdir və bunu heç vaxt gizlətməmişik”.