ABŞ Rusiya iqtisadiyyatını iflic hala gətirməyi planlayıb: böyük şirkətlərinə sanksiya...

“Rəsmi Vaşinqton Rusiyanı SWİFT sistemdən kənarlaşdırmaqla planını həyata keçirmək istəyir”

“Beynəlxalq bank köçürmələrinin qarşısı alınması Moskva üçün böyük zərbə olar. Xüsusilə Çinlə olan ticarət əlaqələri məhv ola bilər”

Yanvarın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında ABŞ-Rusiya əlaqələrinə toxunub. O bildirib ki, rəsmi Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyəti iki dövlət arasındakı münasibətləri kəsməsinə bərabər olacaq.

S.Lavrov ölkəsinin ABŞ və NATO ilə apardığı müzakirələrdən də bəhs edib. XİN rəhbəri hazırda Şimali Atlantika Alyansı ilə razılaşmada əldə olunmuş sadə təkliflərin öyrənildiyini söyləyib.

S.Lavrovun açıqlamasında ötürməyə çalışdığı mesajları "Sherg.az"a şərh edən  siyasi şərhçi Samir Hümbətov vurğulayıb ki, ABŞ Rusiyanı iqtisadi cəhətdən zəiflətmək üçün sanksiyalar tətbiq edə bilər:

“İki dövlət arasında olan gərginlik hələ uzun müddət davam edəcək. Vaşinqton neçə illərdir, Rusiyanı parçalamağa çalışır. 2014-cü ildə Ukrayna-Rusiya müharibəsinin olması ABŞ-yə planlarını yerinə yetirmək üçün fürsət tanıdı. Beləliklə, onlar geniş sanksiya paketi hazırlamağa başladılar”.

Ekspertin fikrincə, sanksiyalar Rusiyanın böyük şirkətlərinə tətbiq olunacaq:

“ABŞ Rusiyanin iqtisadi vəziyyətini iflic hala gətirməyi planlayıb. Böyük şirkətlərinə tətbiq ediləcək sanksiyalar şimal qonşumuzun iqtisadiyyatını çökdürəcək. Rəsmi Vaşinqton Rusiyanı SWİFT sistemdən kənarlaşdırmaqla planını həyata keçirmək istəyir. Beynəlxalq bank köçürmələrinin qarşısı alınması Moskva üçün böyük zərbə olar. Xüsusilə Çinlə olan ticarət əlaqələri məhv ola bilər”.

Siyasi şərhçi qeyd edib ki, sanksiyaların tətbiqi tərəflər arasındakı gərginliyi artıracaq:

“Lavrovun dedikləri birbaşa təhdiddir. XİN rəhbəri sanskiyaların tətbiq edilməsinin qarşılığının ağır olacağını bildirib. Rusiyanın iqtisadiyyatı daha da çökərsə, bu müharibəyə səbəb ola bilər. Təbii ki, Rusiya birbaşa ABŞ-yə müharibə elan etməz. Lakin onun müttəfiqləri olan şərqi Avropa dövlətlərinə qarşı savaş başlada bilər. Xüsusilə, Ukraynaya qarşı aqressiv davranış sərgiləyə bilər”.

Xanlar ƏLİBƏY