Zelenski narazıdır

Qərb Ukraynada müharibə olacaq təəssüratını yaradır

Politoloq: "Almaniya və Fransa rəhbərləri də bu məsələdə konkret ABŞ-ın mövqeyini tənqid edirlər"

   Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə yaşanan gərginliyə görə Qərbi, konkret ABŞ-ı ittiham edib. Zelenski deyib ki, Qərb sanki sabah Ukraynada müharibə olacaq təəssüratı yaradır. Prezident bəyan edib ki, vəziyyət heç də Vaşinqtonun göstərmək istədiyi kimi deyil: “Rusiya ilə əvvəl yaşanan gərginlikdən daha artıq nələrsə görmürük”. Ölkə rəhbəri müharibə söz-söhbətinin Ukraynanın iqtisadiyyatına da zərər verdiyini söyləyib. Həmçinin, əlavə edib ki, Amerika Prezidenti Co Bayden bölgədəki vəziyyəti vasitəçilərdən deyil, birbaşa özü öyrənməlidir. Bu arada Ukraynanın Müdafiə naziri Aleksey Reznikov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşə biləcəyinin anonsunu verib. 

Nazir qeyd edib ki, NATO və ya Avropa İttifaqı təşəbbüs göstərərsə, Brüssel və ya Münhendə belə görüş mümkündür”. Reznikov Ukraynanın Rusiya üçün təhlükə olmadığını vurğulayıb: “Mən görüşməyə, danışmağa, onların suallarına cavab verməyə hazıram. Təbii ki, güclü moderatorların, eyni səviyyəli vasitəçilərin olması lazımdır. Prezidentlər, siyasi müşavirlər səviyyəsində "Normandiya formatı"nda görüşlər keçirilir. Niyə digər ölkələrin müdafiə nazirlərinin iştirakı ilə təmas olmasın?!”. KTMT-nin baş katibi Stanislav Zas da bildirib ki, heç kim Rusiya ilə Ukrayna, o cümlədən regionun digər dövlətləri arasında münasibətlərin kəskinləşməsində maraqlı deyil: “Heç kim müharibə istəmir - nə Rusiya, nə də bu regionda yaşayan digər ölkələr. Amma təxribat riski böyükdür”. 

Ukrayna prezidentinin açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Zelenski mövcud gərginliyin süni şişirdilməsi ilə bağlı narahatlığını ifadə edən ilk siyasətçi deyil. Ekspert bildirib ki, Almaniya və Fransa rəhbərləri də bu məsələdə konkret ABŞ-ın mövqeyini tənqid edirlər:

 “Ağ Ev rəsmiləri daha çox bu iki dövlətlə danışıqlar aparır. Rusiyaya qarşı ən sərt addımların atılmasını, Moskvaya təzyiqlərin artırılmasını tələb edir. Ancaq Ağ Ev buna nail ola bilmir. Avropanın aparıcı ölkələri - Almaniya və Fransa bir sıra məqamları nəzərə alaraq Rusiya ilə qarşıdurma istəmirlər. Nəticədə Qərb dünyasında ABŞ və Avropadan ibarət iki tərəf meydana gəlməkdədir. Avropa ölkələrinin müharibənin başlamasını arzu etməməsi anlaşılandır. Rusiya qazını Avropaya çatdıracaq “Şimal Axını-2” enerji layihəsi hələ gündəmdədir və yekun qərar verilməyib. Qərb dövlətləri, daha doğrusu, NATO müharibəyə hazır olduğunu bəyan etsə də, Kreml Ukrayna ilə savaşa başlamaq niyyətində olmadığını açıqlayır: “Moskvaya qarşı sərt tədbirlərin praktiki əhəmiyyəti itir. Rusiya rəsmiləri deyirlər ki, “baxın, biz müharibə olmasını istəmirik, amma Qərb vəziyyəti gərginləşdirir, israrla savaşdan danışır”. 

İ.Vəlizadə vurğulayıb ki, müharibə ehtimalı ilə bağlı yaradılan süni ajiotaj iqtisadi münasibətlərə böyük zərbə vurur:

 “Avropada, Ukraynada qarışıqlıq, savaş proqnozları verilərkən hansı investor həmin ölkəyə sərmayə qoyar?! Heç bir iş adamı öz biznesini riskə atmaz. Nəinki xarici investorlar, ukraynalı sahibkarlar belə müharibə ehtimalına görə hansısa sektora yatırım etmirlər. Onsuz da Ukraynada, Şərqi Avropada pandemiyaya görə iqtisadiyyat ürəkaçan deyil. Müharibə mövcud iqtisadiyyatı bir qədər də çökdürər. O baxımdan həm Ukrayna, həm də Avropa məsələni dinc yolla həll etməyin tərəfdarıdır. ABŞ üçün savaş, yaxud sülh elə də əhəmiyyət kəsb etmir. Amerika Ukraynanın yerləşdiyi coğrafi məkandan çox uzaqdır. Hamı bilir ki, müharibənin əsas zərbəsi ilk növbədə Ukraynaya, daha sonra isə Rusiya və Avropa ölkələrinə dəyəcək. Müharibəyə hazırlıq gedir, amma görünən odur ki, ABŞ-dan başqa heç bir ölkə müharibənin başlamasını arzulamır”.