NATO dövlətlərinin bəziləri hərbi əməliyyatların əleyhinədir

Fikir ayrılıqlarına baxmayaraq, Qərb koalisiyası Rusiyaya qarşı güclüdür

NATO-nun baş katibi Yens Stoltenberq qurum üzvləri arasında fikir ayrılıqlarının olduğunu etiraf edib. Bununla belə, alyans üzvlərinin birlik nümayiş etdirməyə çalışdıqlarını deyib. Qeyd edib ki, NATO Atlantikanın hər iki tərəfində yerləşən 30 dövləti birləşdirən ittifaqıdır: “Əlbəttə, bir çox məsələlərdə fikir ayrılıqları müşahidə olunur. Təşkilat yaranandan daxildə ziddiyyətlər olub. 1956-cı ildə Süveyş böhranı yaşanıb. 1960-cı illərdə Fransa alyansı tərk etmək istəyib. 2003-cü il İraq əməliyyatları zamanı etirazlar baş verib. Lakin qurumun gücü birlikdədir. 

Biz hər zaman eyni məqsədlərimiz ətrafında birləşməyi bacarmışıq”. Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski də ABŞ-ın mövqeyindən narazılıq ifadə etmişdi. O, Ağ Evin “müharibə başlayır” anonslarının ölkə iqtisadiyyatına ziyan vurduğunu, cəmiyyətdə panika yaratdığını demişdi. 

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, NATO ölkələri arasındakı fikir ayrılıqlarının qaynağı Rusiyaya münasibətdir. Ekspert bildirib ki, Almaniya və Fransa Rusiyaya qarşı ciddi hərbi əməliyyatların əleyhinədir: 

“Baltikyanı ölkələr, o cümlədən Polşa isə Moskvaya qarşı daha sərt mövqe nümayiş etidirilməsinin lehinədir. ABŞ da Kremlə ağır sanksiyalar tətbiq edilməsinin tərəfdarıdır. Zelenskinin söylədiklərində müəyyən həqiqətlər var. Hər an müharibənin başlama ehtimalı əhali arasında xof yaradır. Təbii olaraq əsas zərbə iqtisadiyyata dəyir.

 Fikir ayrılıqlarına baxmayaraq, Qərb koalisiyası Rusiyaya qarşı güclüdür. Müəyyən ziddiyyətli açıqlamalar qurumun zəifləməsi kimi dəyərləndirilə bilməz. Sadəcə olaraq Böyük Britaniya kimi Fransa və Almaniyanın öz maraqları var. Bu ölkələr prosesi öz maraqlarına uyğun qurmağa çalışırlar. Qurum daxilindəki parçalanma meyillərinin səbəbi budur.

  Baş katibin niyyəti odur ki, qurum üzvlərinin hamısının diqqətini Rusiyaya yönəltsin. Daha doğrusu, əksər üzvlərin Moskvaya qarşı çıxmasına nail olsun”.