Ukraynaya hücum xəbərləri doğrulmayacaq



Bayden Rusiyaya qarşı Avropanı bir cəbhədə birləşdirməyə nail ola bilmədi

ABŞ Prezidenti Co Bayden iddia edib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər. Vaşinqton Rusiyanın Ukraynaya hücumunun raket zərbəsi və kiberhücumdan ibarət ola biləcəyini düşünür. Ötən gün Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında bir saatlıq telefon danışığı olub. Ağ Ev Kremlə Ukrayna məsələsi ilə bağlı xəbərdarlıq edib. Bayden Ukrayna Prezidenti V.Zelenski ilə də telefonla danışıb. 

Danışıqlarda Bayden Vaşinqtonun Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini bir daha ifadə edib. Fransa ABŞ-dan fərqli olaraq, Rusiya və Ukrayna sərhədində eskalasiya əlamətləri görmür. “Fiqaro” qəzeti yazıb ki, “Vladimir Putinin dediklərində onun hücuma keçəcəyinə dair əlamətlər görünmür”. Böyük Britaniya Baş naziri Boris Conson tezliklə Co Bayden və digər liderlərlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəyini deyib. Conson Ukrayna ətrafında gərginliyi azaltmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Pentaqonun mətbuat katibi Con Kirbi isə ABŞ hərbçilərinin Ukraynada döyüşməyəcəyini bildirib. 

Onun sözlərinə görə, Amerika qoşunları Amerika vətəndaşlarının Ukraynadan təxliyəsində də istifadə olunmayacaq: “Bu, vəziyyəti “yeni səviyyəyə” gətirib çıxara bilər. Amerikalılar ölkəni hərbçilərin köməyi olmadan sərbəst tərk edə bilərlər. Bunun üçün infrastruktur, nəqliyyat və Ukraynadan gedən yollar var”.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, “16 fevralda hücum” informasiyası suallar yaradır. Ekspert xatırladıb ki, Bayden fevralın 11-də Avropa liderləri ilə Ukrayna məsələsini müzakirə edib: “Məqsəd Rusiya təhlükəsinin ciddiliyini müttəfiqlərinə izah etmək və Avropanı, xüsusilə bu məsələdə Vaşinqtondan fərqli mövqe nümayiş etdirən Fransa və Almaniyanı Moskvaya qarşı cəbhədə birləşdirmək idi.

 Bu görüşdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Rusiya Ukraynanın işğalına hər an başlaya bilər” açıqlamasını verdi. Daha sonra “Politico” nəşri “Bayden videokonfrans zamanı müttəfiqlərə bildirib ki, Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər” xəbərini yaydı və geosiyasi təşviş yarandı. Mümkündür ki, Bayden videokonfransda avropalı müttəfiqlərini anti-Rusiya cəbhəsində birləşməyə razı sala bilməyib və hücumun dəqiq tarixi ilə rus təhlükəsinin miqyasını nümayiş etdirmək istəyirlər”. 

A.Nərimanlı vurğulayıb ki, Fransa və Almaniya Rusiya təhlükəsinin ciddiliyi məsələsində ABŞ-la razılaşmır: 

“Vaşinqton üçün onları inandırmağın yeganə yolu təhlükənin reallığını izah edə bilməkdir. İnformasiyanın yayılması da buna hesablanıb. Birincisi, hücumun tarixi dəqiq göstərilir və bu, qlobal rəyi formalaşdırır. İkincisi, qlobal rəy başqa ölkələrin Ukraynadan səfirliklərini və vətəndaşlarını çıxarmağa səbəb olur. Bu, Avropaya rus təhlükəsinin və hücum planının reallığının əyani formada nümayiş etdirilməsinə imkan verən amildir. Fransa ABŞ-la eyni fikirdə deyil. Bayden-Putin telefon söhbətindən öncə Makron Putinlə danışmışdı və bu müzakirədən sonra Yelisey sarayı hücumla bağlı informasiyanı təkzib etdi. Makron daha sonra Zelenski ilə danışıb və “Normand formatında” danışıqların davam etdirilməsini müzakirə edib. Bunlar Baydenin müttəfiqlərini öz cəbhəsində birləşdirə bilmədiyi ehtimalını gücləndirir. Rəsmi Kiyev də “16 fevral hücum” informasiyasını qəbul etmir. Çünki belə xəbərlər ölkədə təşviş və iqtisadi itkilərlə nəticələnir. Ukrayna heç nə qazanmayan tərəf kimi qalır”.