NATO Azərbaycanın bölgədəki nüfuzuna önəm verir

Ukrayna münaqişəsinin tənzimlənməsində Bakının reseptləri Qərb siyasətinin həll paketində yer alacaq

Fevralın 15-də NATO-nun baş katibi Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı baş katib ötən ilin dekabrında NATO-ya səfəri və Şimali Atlantika Şurasında çıxışına görə Prezidentə təşəkkürünü bildirib. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. Baş katib Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.

Tərəflərin telefon danışığını şərh edən siyasi şərhçi Aqşin Kərimov deyib ki, dünyanın ən böyük hərbi-siyasi təşkilatının ofisindən Bakıya edilən zəngin təməli Ukrayna münaqişəsinin müharibə həddinə çatdığı dövrə təsadüf edir. Analitik bildirib ki, bununla NATO Azərbaycan qazının Avropa bazarlarında şaxələndirilməsinin Qərb üçün hərbi-siyasi və iqtisadi üstünlük vəd edəcəyini bəyan edib:

 “Baş katib Rusiya-Ukrayna arasında Azərbaycanın vasitəçiliyinin əhəmiyyətli roluna diqqət çəkir. Bu işdə Azərbaycan-Türkiyə müştərək maraqlarına dəstək verir. Müzakirələrdə Cənubi Qafqazdakı yeni reallıq, Ukrayna ətrafında cərəyan edən proseslər danışıqlar predmetinə daxil olub. Azərbaycan enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcək. Azərbaycana olan ehtiyac Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində Qərbin Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı cəbhədə effektiv fəaliyyətini şərtləndirir. Azərbaycan Ermənistanla müharibəni elə bir konfiqurasiya quraraq apardı ki, bu, Rusiyanın da maraqları ilə toqquşan hala gəlmədi. Azərbaycan dövlətinin Qərblə Rusiya arasında tarazlayıcı mövqedə durması Bakının önəmini artıran siyasət idi. Azərbaycanın Rusiya ilə münasibətlərini qoruyub saxlayır, bu, Qərb üçün bir təcrübədir. Ona görə də, NATO Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün ölkə rəhbəri İlham Əliyevin Moskva ilə münasibətlərdəki diplomatik-siyasi təcrübəsindən bəhrələnmək istəyir”.

A.Kərimov vurğulayıb ki, tərəflərin müzakirəsi son zamanlar Kremldən postsovet məkanına gələn təhdidlər fonunda da diqqət çəkir:

 “Bakı ilə təmaslar davam etdiriləcək. Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Bakının maraqlarına uyğun vasitəçilik səylərini gücləndirmək məcburiyyətində qalacaq. Ukrayna münaqişəsinin tənzimlənməsində Bakının reseptləri Qərb siyasətinin həll paketində yer alacaq”.