Snayper bələdiyyə sədri oldu

Əhali ilə necə “davranacağını” bilir

   Əfqanıstanda 20 ildən sonra hakimiyyətə gələn "Taliban" qruplaşmasının ən dəqiq snayperi sayılan 25 yaşlı Damullah Mohibullah Movaffaq Maymana qəsəbəsinin bələdiyyə sədri seçilib. “Yox artıq!” demək də olardı.  Amma Movaffaq, soyadından da göründüyü kimi, deyəsən, işə əməlli-başlı ciddi girişib. "Taliban"ın snayperi  varlı tacir ailəsinin oğludur, həm də savadlıymış. Əfqanıstanın şimal-qərbindəki Fəryab əyalətinin mərkəzi Maymana qəsəbəsində böyüdüyü, qəsəbə məktəbini müvəffəqiyyətlə bitirdiyi bildirilir. 

“Şərq” NTV-yə istinadən xəbər verir ki, ABŞ-ın nəhayət ki, Əfqanıstandan əl çəkməsiylə taliblər hakimiyyətdə getdikcə daha çox möhkəmlənirlər. Snayperlikdən bələdiyyə sədrliyinə keçid edən Damullah Movaffaq hazırda 100 min əhalisi olan qəsəbənin problemlərinin həlli ilə - lağımların açılması, yolların layihələndirilməsi və məhəllə davalarının önünün alınması kimi işlərlə məşğuldur. 

Movaffaq “müharibədə hədəflərim bəlli idi: xarici müdaxiləni, işğalı, ayrı-seçkiliyi, ədalətsizliyi aradan qaldırmaq. Hədəflərim indi dəyişib. Korrupsiya ilə mücadilə aparmaq və ölkəmi rifaha qovuşdurmaq”, deyir. Yeni bələdiyyə sədri qəsəbə küçələrini gəzir və əhalinin şikayətlərini dinləyir. Yol kənarlarındakı arxları təmizləyən bələdiyyə işçilərinin işi ilə maraqlanır (Heç bizdə belə bələdiyyə sədri yoxdu - M.R). 

Sədrin köməkçisi isə "Taliban"dan deyil. Seyid Əhməd Geyasi yeni sədrin gənc, təhsilli və həm də qəsəbə sakini olmasının üstünlüklərindən danışıb:

 “Əhali ilə necə rəftar edəcəyini bilir. Ofisdəki divarda döyüş sənətləri yarışmasında aldığı sertifikat və lisey diplomu asılıb”. Movaffaq 19 yaşında "Taliban"a qoşulub və ABŞ əsgərlərinə qarşı döyüşüb. Lakin o, müharibə dəhşətlərini xatırlamağı sevmir. Və “həyatım çox enişli-yoxuşlu oldu. Bundan sonra ölkənin rifahı üçün “döyüşəcəm”, deyir.