Rusiya qoşunları Ukrayna sərhədindən çəkildi

Fransa və İspaniya rəsmiləri bunu "əla" xəbər kimi qiymətləndirib

Rusiya Krımda təlimləri başa çatdırıb və silahlı qüvvələrinin bir hissəsini Ukrayna sərhədinə yaxın ərazilərdəki bazalarına çəkməyə başlayıb.
“Şərq” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin yaydığı video görüntülərdə Rusiya tank və zirehli texnikasının dəmir yolu yük qatarlarına yüklənərək hərbi bölgələrə qayıtması da əks olunub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədə yaxın hərbi bölgələrdəki bəzi bölmələri irimiqyaslı hazırlıq təlimlərini başa vuraraq, dəmir yolu və avtomobil nəqliyyatı ilə öz bazalarına qayıdıblar.

Bununla belə, bəzi Qərb siyasətçiləri Rusiya ilə Ukrayna arasında müharibənin baş verəcəyinin hələ də mümkün olduğunu deyirlər. Digər tərəfdən, bəzi Qərb ölkələri rus qoşunlarının çıxarılması xəbərini müsbət qarşılayıb. Fransa hökumətinin sözçüsü Marsel Attar bildirib ki, xəbər təsdiqlənərsə, bu, “müsbət əlamət” olacaq. İspaniyanın Xarici işlər naziri Jose Manuel Albares rus qoşunlarının geri çəkilməsini "əla xəbər" kimi qiymətləndirib.

Çimnaz Şahlar