Müharibənin bir addımlığında...

Son sözü Putin deyəcək, iki senaridən biri işə düşəcək


   Ukrayna tərəfi separatçıların Luqansk əyalətində kəndləri atəşə tutduğunu bildirib. Vurğulanıb ki, uşaq bağçası, dəmiryol stansiyası və lokomotiv deposuna zərbələr endirilib. Sosial şəbəkələrdə yayılan görüntülər dağıntıların olduğunu təsdiqləyib. Rusiya və separatçılar isə Ukrayna ordusunu hücuma keçməkdə ittiham ediblər. Ekspertlərin qənaətincə, separatçıların olduğu bölgədə eskalasiyanın başlanması Moskvanın Donetsk və Luqanskla bağlı dövriyyəyə saldığı planının tərkib hissəsi sayılır.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Rusiya Dövlət Duması iki separatçı rejimin “müstəqilliyini” tanımaqla bağlı qanun layihəsini qəbul etdi. Analitikə görə, son sözü Putin deyəcək: 

“Kreml bu gedişlə iki senarini işə salır və ikisindən birini gerçəkləşdirmək niyyətindədir. Məqsəd Kiyevi Minsk razılaşmasına məcbur etməkdir. Rusiya ABŞ-la qarşıdurmada Fransa və Almaniyanın tutduğu mövqedən Minsk razılaşmasının icrası üçün də istifadə edir. Putin-Makron və Putin-Şolz (Olaf Şolz - Almaniya kansleri) danışıqlarında əsas maddələrdən biri də bu idi. Paris və Berlin bununla ABŞ-ı prosesdən kənarlaşdırmaq, Avropada müharibə riskini aradan qaldırmaq istəyir. Moskva separatçıların yüksək status əldə etməsinə nail olur və bununla Ukraynanın NATO-ya inteqrasiyasının qarşısını alır. Şolz Moskvaya səfərdən öncə Zelenski ilə görüşdü və bildirdi ki, Ukrayna prezidenti Donbasla bağlı qanun layihələri paketini təqdim edəcəyinə söz verib. Ardınca Moskvada Putinlə bu məsələni müzakirə etdi. 
Putin Şolza “Luqansk və Donetskin tanınması qərarı deputatların ölkədə ictimai rəyi nəzərə alması ilə bağlıdır” dedi. Eləcə də, “Donbassda rusdilli əhaliyə qarşı soyqırımı olduğunu” da iddia etdi. Bununla demək istəyirdi ki, separatçıların “müstəqilliyini” Minsk razılaşmasının yerinə yetirilməsi şərti ilə tanımaya bilərəm”.

A.Nərimanlıya görə, Putin də anlayır ki, separatçıların “müstəqilliyi”nin tanınması danışıqların ləğvi və ABŞ-a qarşı istifadə etdiyi Avropa cəbhəsini də itirməsi ilə nəticələnə bilər: 

“Bu, Fransa və Almaniyanın ABŞ qarşısında əlini zəiflədəcək və Avropada böyük eskalasiya riskini artıracaq. Bu baxımdan, mövcud vəziyyətdə Dumanın qərarı Ukrayna cəbhəsində konkret nəticə əldə etmək üçün Avropanı tələsdirməyə məcbur etmək məqsədi daşıyır. Putin Luqansk və Donetskin “müstəqilliyini” tanımaq məsələsini rıçaq kimi istifadə etməklə yanaşı, proseslərin inkişafına uyğun olaraq, sonda buna getmək imkanını da əlində saxlayır. Rusiyanın ABŞ-NATO qarşısında rıçaqları işləməsə, Moskva son anda separatçıların “müstəqilliyini” tanıya bilər. 

Bu tanınma Krımın ilhaqı senarisinin təkrarı olacaq və separatçı bölgələr Rusiyaya birləşdiriləcək. İndi Moskvanın “rus əhalisinə hücum edilir” iddiasında haqlı çıxması üçün səbəblər lazımdır və separatçıların atəş açması, bölgədə lokal eskalasiya bu səbəbləri yaradan amildir.

Hərçənd, lokal eskalasiya Rusiya üçün heç də risksiz senari deyil. Birincisi, separatçıların Ukrayna ordusu qarşısında duruş gətirmək imkanı azdır. Rəsmi Kiyev hərbi müstəvidə irəliləyiş əldə edərsə, münaqişə ilə bağlı yeni masanın qurulmasını və Minsk razılaşmasında əleyhinə olan müddəaların ən azı yumşalmasına nail ola bilər. 

İkincisi, ABŞ lokal eskalasiyanı Rusiyanın Ukraynaya hücumu kimi qəbul edə və cavab senarisini işə sala bilər. Bu baxımdan, baş verənlərdən hansı tərəfin qazanclı çıxması kimin daha ağıllı gediş etməsindən asılı olacaq”.