Dəhşətli iddia: Zelenskiyə sui-qəsd üçün 400 nəfərlik komanda göndərildi

 Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski və hökumət üzvlərini öldürmək üçün Kiyevə 400 nəfərlik xüsusi qrup göndərdiyi iddia edilib.
“Sherg.az” CNN-ə istinadən xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, yanvar ayında Ukraynaya müxtəlif missiyalar üçün 2000-dən 4000-ə qədər muzdlu gətirilib.
Muzdluların bir qismi Donetsk və Luqansk vilayətlərinə göndərilib. Zelenskini məhv etmək vəzifəsi daşıyan 400 nəfər isə Belarusdan Kiyevə yola düşüb. 

“Wagner Group” kimi tanınan şəxsi sui-qəsdçi qrupun Putindən Zelenski və daha 23 hökumət rəsmisini öldürmək əmri aldığı iddia edilir. Kiyev meri Vitali Kliçko və onun qardaşı Vladimir də sui-qəsd siyahısındadır.

Lakin Kremlin planlarına  Kiyevdə elan edilən kəskin 36 saatlıq komendant saatı mane olub. Hökumət rəsmiləri hər kəsə öz evlərində qalmağı əmr edib və qadağan olunmuş saatlarda küçədə görünən hər kəsin “düşmən” kimi qiymətləndiriləcəyi bildirilib.

Qeyd edək ki, Zelenski bu yaxınlarda verdiyi açıqlamada Rusiya ordusunun “bir nömrəli hədəfi”nin özü, “iki nömrəli hədəf”in isə ailəsi olduğunu bildirib. Ukrayna lideri ABŞ-ın təxliyə təklifini rədd edərək, "Müharibə buradadır. Mənə tank əleyhinə mərmilər lazımdır, harasa getmək yox" deyib.

Çimnaz Şahlar