Taktika uğursuzluğa düçar oldu

“Müharibənin gedişi Moskvanın gözlədiyi kimi olmadı”

“Putinin çağırışı həm də onu göstərir ki, Rusiyanın Ukrayna ordusu daxilində hərəkətə gətirə biləcəyi qruplaşması yoxdur”


“Putin Ukrayna ordusuna hakimiyyəti devirmək çağırışı edib”. Bu sözləri “Şərq”ə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspertə görə, bu, Ukrayna ordusu daxilində parçalanma yaratmaq məqsədilə psixoloji təzyiq taktikasıdır: “O deməkdir ki, müharibənin gedişi Moskvanın gözlədiyi kimi olmadı. Ruslar hücumun ilk günündə Kiyevi tutaraq, hakimiyyəti devirmək istəyirdi, güclü müqavimətlə qarşılaşdılar.

 İndi “içəridən parçalamağa” çalışırlar. Rusiya ukraynalıların güclü müqavimətini qırmaq, həm də “içəridən parçalama” taktikasının işləməsi üçün xüsusilə Kiyevə hücumun təzyiqini artıracaq. Kliçko bu gecə, xüsusilə səhərə yaxın Kiyev üçün çətin olacağını açıqlayıb”. A.Nərimanlı vurğulayıb ki, Putinin çağırışı həm də onu göstərir ki, Rusiyanın Ukrayna ordusu daxilində hərəkətə gətirə biləcəyi qruplaşması yoxdur: “Belə bir çağırış əslində xalqın Zelenskinin ətrafında daha sıx birləşməsinə, Moskvanın taktikasının əks-effekt yaratmasına da şərait yarada bilər. NATO da Ukraynaya müxtəlif növ silahlar, o cümlədən Hava Hücumundan Müdafiə sistemləri verməyi nəzərdən keçirir. Silahların göndərilməsi gecikməsə, hücumun gedişi rusların əleyhinə dəyişə bilər. Ukrayna da bir neçə gün müqaviməti saxlasa, xüsusilə Kiyevi qoruya bilsələr, Moskva üçün vəziyyət çətinləşəcək. Bu müddət həlledici ola bilər, çünki Rusiya hücumu daha da sərtləşdirəcək”.