“Vur” əmri verildi: Ukraynada evləri talan edənlər güllələnəcək

Rusiya tərəfindən işğal olunmuş Ukraynada tərk edilmiş ev və iş yerləri talançılar tərəfindən qarət edilib. “Şərq” qəzeti Türkiyənin “milliyet.com.tr” saytına istinadən xəbər verir ki, Xarkovun Oxtırka və Jitomir şəhərinin merləri təhlükəsizlik qüvvələrinə talançıları güllələmək səlahiyyəti veriblər. 

Jitomir şəhərinin meri Sergey Suxomlin şəhərdəki mağazanın qarət edilməsindən danışıb: “Hər kəsə xəbərdarlıq edirəm: - polisə, Milli Qvardiyaya və ərazi müdafiə bölmələrinə talançıları gördükləri yerdə vurmaq əmri verilib. Şəhərdə qarətə icazə verilməyəcək”. 

Xarkov yaxınlığındakı Oxtırka şəhərinin meri Pavel Kuzmenko da bazar ertəsi analoji xəbərdarlıq edib. Kuzmenko camaatdan talanlarla bağlı səlahiyyətli orqanlara məlumat vermələrini istəyib və “Soyğunçuluq baş verərsə, cavabdeh şəxslər göz qarşısında güllələnəcək” deyib. 

Oxtırka meri onu da bildirib ki, qiyməti qaldıran biznes sahibləri də talançı hesab olunacaqlar. 

Kiyev meri Vitali Kliçko da bazar günü verdiyi açıqlamada komendant saatının bazar ertəsi səhərə qədər uzadıldığını bildirib. Bu müddət ərzində icazəsiz küçədə olan hər kəsin “Rusiyaya işləyən təxribatçı” kimi görünəcəyini və güllələnəcəyini deyib. 
Ukraynalılar mülki geyimli Rusiya vətəndaşını qarətçi olması şübhəsi ilə Nikolayev şəhərində ağaca yapışqan lentlə bağlayıblar. 

Bundan əlavə, ötən həftə sosial şəbəkələrdə rus əsgərlərinin bankları və supermarketləri qarət etdiyini əks etdirən videolar da yayılıb. Lakin görüntüləri yoxlamaq mümkün olmayıb.