Rusiya beynəlxalq məhkəmədə cavab verəcək? – AKTUAL 

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək. Məhkəmə prosesinin 7 və 8 mart tarixlərində Haaqada baş tutacağı gözlənilir. Açıq dinləmələr Ukrayna tərəfindən təqdim edilən müraciətə həsr olunacaq. Müraciət Rusiya tərəfindən bu ölkəyə qarşı soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması ilə bağlıdır. 

Qeyd edək ki, hazırkı COVID-19 pandemiyasını nəzərə alaraq, dinləmələr hibrid formatda olacaq.

Məhkəmə prosesinin mahiyyətini "Sherg.az"a açıqlayan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, qurumun özündə böyük yanlışlıqlar var:

“BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin əvvəlcədən münaqişəyə münasibət bildirməməsinin elə özü yanlışdır. Düzdü, hər hansısa məsələnin qaldırılması üçün tərəflərdən biri müraciət etməlidir. Məhkəmənin sisteminə görə, dinləmələr birtərəfli fəaliyyət göstərə bilməz. 

Bu səbəbdən Rusiyanın da məhkəmə prosesində iştirakı vacibdir. Ümumilikdə isə dinləmələr şou xarakterli olacaq. 

Həmçinin müharibə davam edir. Kimlərin öldürüləcəyi, haranın işğal olunacağı, tərəflərin hansı nöqtədə dayanacaqları dəqiq bilinmir. Ona görə də, məhkəmə qərar verməkdə səbrli davranmalıdır”.

Xanlar ƏLİBƏY