Qərb Putini tələyə salıb?



Həsən Ünal: "Rusiyanın 650 milyard dollarlıq ehtiyatının yarısı xaricdədir"

İkbal Dürre: "Uzunmüddətli prosesdə Rusiyanı çətin iqtisadi böhran gözləyir"

   Rusiyanın Ukraynaya qarşı müharibəsi Prezident Vladimir Putinin tələyə düşdüyünə dair dəyərləndirmələrə səbəb olub. 

“Şərq” Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Həsən Ünal Qərb blokunun Rusiyanı tələyə salmağı planlaşdırdığını deyib. Lakin professor Qərbin də çətin durumda olduğunu bəyan edib: 

“Təbii qaz və neft təchizatı baxımından bir çox ölkələr Rusiyadan asılıdır. Təbii qaz və neftin Qətər və ya ABŞ-dan gətirilməsi ciddi xərclərə səbəb olacaq. Qara dəniz və Aralıq dənizindəki qaz ehtiyatlarını çıxarıb başqa ölkələrə paylamaq qısa müddətdə mümkün görünmür. Aralıq dənizində potensialın aşağı olduğu bildirilir. Rusiyanın 650 milyard dollarlıq ehtiyatının yarısı xaricdədir. Əgər Qərb dünyası bu ehtiyatları ələ keçirməyə meyl edərsə, Rusiya İranın nüvə silahı istehsalına zəmin yaradacaq”. 

Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin professoru İkbal Dürre də Putin və Rusiyanın tələyə düşdüyünü vurğulayıb:

 “Rus xalqının ortaq görüşü budur ki, iki qardaş ölkə bir-birinə qarşı qurulursa, bu, tələdir. Rusiya rəsmiləri NATO-nun Rusiya iqtisadiyyatını çökdürmək məqsədi güddüyünü və ona görə Ukraynanı müharibəyə soxduqlarını iddia edirlər. Rusiyanın “A” planı ondan ibarət idi ki, Ukrayna hökuməti 2-3 günə devriləcək. İlk zərbədə Kiyevin təslim bayrağını qaldıracağını düşünürdülər. Bu, baş vermədiyi üçün “B” planı işə salındı. Moskva “B” planının “qələbə” ilə nəticələnəcəyindən əmindir. Əmindirlər ki, Zelenski devrildikdə real siyasətdə mənzərə dəyişəcək. Rusiya bir il ərzində sanksiyalar və embarqolara tab gətirəcək strategiya hazırlayıb. Ancaq uzunmüddətli prosesdə Rusiyanı çətin iqtisadi böhran gözləyir”.