Pakistanın BMT-dəki səfiri: “Ukraynadakı müharibə dünya üçün görünməmiş təhlükə yarada bilər”



Pakistan BMT-də Rusiyanın hərəkətlərini pisləyən səsvermədə bitərəf qalıb və eskalasiyanı azaltmağa çağırıb.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Pakistanın BMT-dəki səfiri Munir Əkrəm martın 2-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında çıxış edib. Səfir qeyd edib  ki, BMT Baş Assambleyasının Rusiyanın işğalını pisləyən səsverməsində bitərəf mövqe sərgiləyib. Buna baxmayaraq, ölkə Ukraynadakı müharibə ilə bağlı narahatdır:
 “Bu, diplomatiyanın uğursuzluğunu əks etdirir”.
 M.Əkrəm zorakılığın və insan itkilərinin, eləcə də hərbi, siyasi və iqtisadi gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün səylərin göstərilməsindən bəhs edib:
"Baş verənlər beynəlxalq sülhə, təhlükəsizliyə və qlobal iqtisadi sabitliyə görünməmiş təhlükə yarada bilər”.
Pakistan deeskalasiyanın, yenilənmiş danışıqların, davamlı dialoqun və davamlı diplomatiyanın zəruriliyini dəfələrlə vurğulayıb.


Qeyd edək ki, bu həftənin əvvəlində Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Norveç və Yaponiyanın rəhbərləri birgə məktub yayaraq İslamabadı BMT Baş Assambleyasının xüsusi sessiyasında Rusiyanın işğalını pisləməyə çağırıblar.

Çərşənbə günü Baş Assambleya səs çoxluğu ilə Rusiyanın Ukraynaya təcavüzünə münasibət bildirib. 141 ölkə lehinə, 5 ölkə əleyhinə və Pakistan, Hindistan və Çin də daxil olmaqla 35 ölkə bitərəf qalıb.

Cəmilə ƏZİM