Boris Conson: “Rusiyadan neft-qaz idxalını bir gecədə kəsmək mümkün deyil” - YENİLƏNİB

Britaniya, Kanada və Hollandiya Baş nazirləri Londonda birgə mətbuat konfransı keçirib.

APA-nın London bürosunun xəbərinə görə, Boris Conson bu gün "Downing Street"də Kanadanın Baş naziri Castin Trüdo və Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşüb, liderlər daha sonra birgə mətbuat konfransı keçirib.

Castin Trüdo 10 şəxsə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb. O bildirib ki, bu siyahıya sabiq və indiki yüksək vəzifəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir.

Baş nazir qeyd edib ki, adlar Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərtib etdiyi siyahı əsasında hazırlanıb.

Hollandiyanın Baş naziri Mark Rutte isə qeyd edib ki, ölkəsi bütün mümkün sanksiyaları nəzərdən keçirməyə hazırdır, lakin bu sanksiyalar Avropanın enerji təchizatında idarəolunmaz risklər yaratmamalıdır və vaxt keçdikcə Avropa Rusiya enerjisindən asılılığını azaltmalıdır.

Boris Conson isə qeyd edib ki, Rusiyadan neft-qaz idxalını bir gecədə kəsmək mümkün deyil.

“Amma bütün ölkələr eyni istiqamətdə hərəkət etməlidir və bu proses sürətləndirməlidir”, - Baş nazir vurğulayıb.

***

16:19

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün Londonda kanadalı və hollandiyalı həmkarı ilə danışıqlar aparacaq.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Baş Nazirliyin ofisindən məlumat verilib.

Bildirilib ki, Boris Conson bu gün "Downing Street"də Kanadanın Baş naziri Castin Trüdo və Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşəcək.

Liderlər birgə mətbuat konfransı keçirməzdən əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin üzvləri ilə görüşmək üçün Kral Hərbi Hava Qüvvələri bazasına baş çəkəcəklər.

Üç Baş nazir ayrıca ikitərəfli görüşlər və birgə üçtərəfli görüş üçün bir araya gələcək.

Görüşlərdə Boris Conson Rusiyanın Ukraynaya hücumu qarşısında Ukraynaya beynəlxalq arenada dəstək olmaq məqsədli müzakirələr aparacaq.