Savaşın qalibi olmayacaq

Rusiya üçün daha ağır dövr hələ irəlidədir

"Ona görə də Kreml istər-istəməz siyasi-diplomatik “pəncərə”ləri hər ehtimala qarşı açıq tutmaq məcburiyyətindədir"

“SSRİ həmişə sanksiyalar altında yaşayıb və uğurlara nail olub”. Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Lukaşenko ilə görüşündə deyib. Putin bildirib ki, Rusiyanın iqtisadiyyatına kütləvi təzyiq göstərilir: “Amma sanksiya tətbiq olunan sektorlarımız hələ də fəaliyyət göstərir”. 

Rusiyanın Müdafiə Nazirliyi Kanadanın Rusiyaya qarşı sanksiyaları siyahısına daxil edilib. Kanada hökumətinin saytında Rusiyanın 32 şirkət və departamentinin siyahısı dərc edilib. Onların arasında Rusiyanın “İrkut” aviasiya korporasiyası və “Rusiya helikopterləri” holdinqinin də adı var. Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trudo 5 rus və 32 rus hərbi təşkilatına qarşı sanksiya tətbiq etdiyini açıqlamışdı.

Zelenski Rusiyaya meydan oxudu 

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya əhalisinə video-müraciət edib. O deyib ki, mülki əhalinin üzərinə bomba atmağı əmr edən hər kəs cavab verəcək: “Zəngin həyatı sevirsiniz, elə deyilmi? Çiçəklənən ölkələri sevirsiniz? Artıq sizdə olmayacaq. Və bu yalnız başlanğıcdır. Siz müharibə cinayətlərində iştirak etdiyinizə görə mühakimə olunacaqsınız. 15-ci gündür ki, dövlətimizi müdafiə edirik. Biz dözdük. Ukrayna ordusu mühüm bölgələrdə hücumları dəf edir. Müdafiəyə qoşulan hər kəsin sayəsində biz kölə olmadıq və heç vaxt olmayacağıq!”. 
Ukraynada Rusiya dövlətinə və Rusiya vətəndaşlarına məxsus əmlaklar müsadirə olunacaq. Bununla bağlı Prezident Vladimir Zelenski müvafiq qanun imzalayıb. Sənədə əsasən, Rusiya Federasiyasının Ukraynaya və onun xalqına tammiqyaslı təcavüzkar müharibə apardığı nəzərə alınmaqla, müsadirə olunan əmlakın dəyəri hər hansı şəkildə ödənilməyəcək. 

Rusiyanın AŞ-dən çıxma proseduru başlayır

Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski deyib ki, Rusiya tezliklə Avropa Şurasından çıxmaq üçün prosedurlara başlamalıdır: “Bu gün biz Rusiyanın Avropa Şurasından çıxması və çox yaxın gələcəkdə müvafiq daxili prosedurların həyata keçirilməsinə başlaması ilə bağlı kollegial qərar qəbul etməliyik”. 

Zelenski Putinlə danışıqlara hazırdır, güzəşt olmayacaq!

Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva məlumat yayıb ki, Prezident Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə beynəlxalq vasitəçilərin yardımı ilə birbaşa danışıqlara hazırdır: “Mənim prezidentim Putinlə birbaşa danışıqlara hazırdır. Lakin danışıqlarda Rusiyaya heç bir güzəştə getməyəcəyik”. 

Jovkva: Ukrayna neytral statusa açıqdır...

İqor Jovkva deyib ki, Ukrayna neytral statusa açıqdır, lakin ciddi təhlükəsizlik zəmanəti tələb edir. O bildirib ki, Vladimir Zelenski Putinlə birbaşa danışmaq istəyir: “Lakin danışıqlar zamanı Rusiyaya heç bir güzəşt olmayacaq. Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünə gəlincə, heç bir irəliləyiş olmayıb. Görüş çox yaxşıdı, amma təəssüf ki, son qərarı verən Rusiya XİN-i deyil. Müharibənin dayandırılması, atəşkəsin yaradılması, qoşunların çıxarılması ilə bağlı yekun qərarı yalnız bir nəfər verir”.

Zelenski: Putin bir nömrəli düşmənimdir!

Ukrayna Prezidenti Vladimir Zelenski Putini özünə 1 nömrəli düşmən hesab etdiyini təsdiqləyib. O, bu barədə Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiyada reallığı dərk etməyin belə bir üsulu var - onlar dövlətə baxanda xalqı görmürlər: “Onlar dövlət başçısını görürlər, siyasətçiləri görürlər, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala bilərlər, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir”. O, həmçinin qeyd edib ki, Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bunun vətən müharibəsinə çevriləcəyini gözləmirdi: “Sadəcə, Putinin adamları Ukraynanı tanımır. Amma Ukrayna belədir. Ukrayna səninlə olanda özünü təhlükəsiz hiss edirsən. Bu, Qərbdə çoxlarının da öyrənməli olduğu bir qaydadır”. 

“Ukraynada müharibə uzanarsa...”

Politoloq Elçin Xalidbəyli deyib ki, Kreml Rusiya üçün hərbi-siyasi və sosial-iqtisadi intihar variantını seçib. Ekspertə görə, Rusiya tərəfi hələlik hər hansı anlaşmaya hazır deyil: “Rusiya ordusu savaş meydanında Kremlin hədəflədiyi nəticələrdən çox uzaqdır. Rusiyanın hazırda əli çox zəif olduğundan Kreml siyasi-diplomatik masada özünü narahat hiss edir. Kremlin hər hansı anlaşmaya həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil. Rusiyanın siyasi diplomatik masada özünü rahat hiss etməsi üçün qarşı tərəfə öz anlaşma şərtlərini diktə etmək şansı qazanması vacibdir. Rusiya ordusunun Ukrayna savaşında uğur qazana bilmədiyini nəzərə aldıqdasa, hazırda bu, qətiyyən real görünmür. Ona görə də Kreml xarici işlər nazirlərinin görüşündən əvvəl anlaşma ehtimalının gündəmdən çıxarılmasının qayğısına qalmışdı. Hər halda, Ukraynadan Krımın Rusiya ərazisi kimi tanınması, Donbassdakı separatçıların “müstəqilliyinin” qəbul edilməsi və s. kimi tələblər elə əvvəlcədən Kremlin anlaşma niyyətində olmadığını göstərirdi. Çünki rəsmi Kiyevin Ukraynanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyan belə tələbləri qəbul etməyəcəyini Kremldə anlamamış deyildilər. Amma Kreml siyasi-diplomatik “pəncərə”ləri də tam qapatmaqda qətiyyən maraqlı deyil. Çünki hazırda sülh danışıqları Ukraynaya lazım olduğu qədər də Rusiya üçün vacibdir. Kreml Rusiyanın Ukrayna savaşına, eləcə də onun beynəlxalq nəticələrinə uzun müddət davam gətirə bilməyəcəyini də nəzərə alır. Ona görə də Kreml istər-istəməz siyasi-diplomatik “pəncərə”ləri hər ehtimala qarşı açıq tutmaq məcburiyyətindədir. Ukraynada müharibə uzanarsa, savaşın sonrakı nəticələri Rusiyanı bu “bataqlığın” daha da dərinliyinə çəkə bilər. Bu halda, beynəlxalq sanksiyaların getdikcə sərtləşdirildiyini də nəzərə aldıqda, hansısa mərhələdə Rusiyanın həmin “savaş bataqlığı”ndan çıxma imkanlarının məhdudlaşa biləcəyi də qətiyyən istisna deyil.

Rusiyanın dünyadan təcrid olunma prosesinin tezliklə əhalinin müxtəlif sosial təbəqələrini də Kremlin savaş siyasətinə qarşı yönəldə biləcəyi istisna olmadığından daha ağır dövrün hələ irəlidə olduğunu ehtimal etmək olar”.